Neftin qiymətinə geosiyasi nikbinlik təzyiq göstərir

A- A A+

ABŞ və İran arasında müharibənin başa çatdırılmasına yönəlmiş diplomatik səylərin yaratdığı ehtiyatlı nikbinlik fonunda neft qiymətləri azalmaqda davam edir. Ötən sessiyada 3 faizdən çox dəyər itirən neftin qiymətində azalma tendensiyası növbəti ticarət günündə də müşahidə olunub.

NUHÇIXAN  xəbər verir ki, “Brent” markalı xam neftin bir barelinin qiyməti 90 dollardan aşağı düşüb. “Light” neftinin qiyməti isə 80 dollar civarındadır.

“Axios” nəşrinin məlumatına görə, ABŞ-nin vitse-prezidenti Cey Di Vens İranla aparılan danışıqları müzakirə etmək məqsədilə Qətərin Baş naziri ilə görüşüb. Təxminən 9 aydır davam edən münaqişənin həlli istiqamətində səylərdə vasitəçilik rolunu Qətər öz üzərinə götürüb.

Hörmüz boğazından keçən tankerlərə tez-tez hücumların edilməsinə və regionda hərbi qarşıdurmanın davam etməsinə baxmayaraq, Körfəzdən xam neft ixracı sürətlə artıb. Beynəlxalq Enerji Agentliyi (IEA) cari rübdə qlobal neft bazarında təklifin tələbi üstələyəcəyini proqnozlaşdırır. “Goldman Sachs” investisiya bankı da gələn il bazarda mümkün təklif bolluğuna diqqət çəkib.

Ekspertlərin fikrincə, həm tələb-təklif balansı, həm də geosiyasi amillər neft qiymətlərinin aşağı düşməsi istiqamətində təsir göstərir.

Mənbənin məlumatına görə, tərəflər arasında danışıqlar yolu ilə razılaşmanın əldə olunacağına dair müəyyən nikbinlik olsa da, əsas fikir ayrılıqları qalmaqdadır. Tehran Hörmüz boğazını tam açmazdan əvvəl ABŞ-nin İran limanlarına tətbiq etdiyi dəniz blokadasının aradan qaldırılmasını, sanksiyaların yumşaldılmasını və dondurulmuş aktivlərin sərbəst buraxılmasını tələb edir. Vaşinqton isə bunun müqabilində İranın nüvə proqramı ilə bağlı güzəştlərə getməsini istəyir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: