Çin şirkəti ilə Günəş-külək enerjisi layihələri və elektrik şəbəkəsi üzrə tədqiqatlara dair müzakirələr aparılıb - FOTOLAR
Energetika naziri Pərviz Şahbazov Çinin Çindao şəhərində “China Energy Engineering Corporation Limited” şirkətinin sədri Ni Zhen və “TBEA Co., Ltd.” şirkətinin vitse-prezidenti Zheng Yan ilə görüşüb.
Energetika Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, “China Energy” şirkətinin sədri Ni Zhenlə görüşdə energetika sahəsində hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində Günəş və dənizdə külək enerjisi layihələri, enerji planlaşdırılması və elektrik şəbəkəsi üzrə tədqiqatlara dair müzakirələr aparılıb.
Hacıqabulda 160 meqavat gücündə Günəş elektrik stansiyasının tikintisi üçün 321 hektar torpaq sahəsinin bərpaolunan enerji mənbələri ərazisi kimi müəyyən edildiyi bildirilib. Stansiyanın elektrik şəbəkəsinə inteqrasiyasından irəli gələn texniki məsələlər nəzərdən keçirilib. Görüşdə, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda daxili istehlak üçün nəzərdə tutulan 200 meqavat gücündə pilot külək enerjisi layihəsinin icrası ilə bağlı da fikir mübadiləsi aparılıb.
Çinin Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutunun (EPPEI) Azərbaycanın elektrik enerjisi ötürmə şəbəkəsi üzrə apardığı tədqiqat da nəzərdən keçirilib. Tədqiqatın Azərbaycanda bərpa olunan enerjinin inkişafının növbəti mərhələsində yeni istehsal güclərinin şəbəkəyə inteqrasiyasının planlaşdırılması baxımından əhəmiyyəti vurğulanıb və bu xüsusda əməkdaşlığın genişləndirilməsi razılaşdırılıb. Həmçinin regional elektrik enerjisi interkonnektorları və hidrogen üzrə əməkdaşlıq imkanlarına toxunulub.
“TBEA Co., Ltd.” şirkətinin vitse-prezidenti Zheng Yan ilə görüşdə isə Energetika Nazirliyi ilə “TBEA” arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində əməkdaşlıq imkanları dəyərləndirilib. Azərbaycanın sənaye parklarında və azad iqtisadi zonalarında yüksək gərginlikli sabit cərəyan (HVDC) ötürücü kabellərinin və digər zəruri avadanlığın istehsalı üçün müəssisələrin yaradılması perspektivləri müzakirə olunub. Şirkətin Azərbaycanda innovativ enerji həllərinin tətbiqi, eləcə də su elektrik stansiyaları layihələrinin həyata keçirilməsində iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb.