Əmtəə birjalarında qızılın bir troya unsiyasının qiyməti 3500 dollardan azalaraq 2025-ci ilin sentyabrından bəri ən aşağı səviyyəni test edib.
NUHÇIXAN xəbər verir ki, səhm bazarlarında satışların davam etdiyi, eyni zamanda, ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini artırmaq siyasətini davam etdirib-etdirməyəcəyinə dair gözləntilərə təsir göstərə biləcək mühüm inflyasiya göstəricilərinin açıqlanmasının gözlənildiyi bir vaxtda qızılın qiymətində azalma davam edib.
Spot bazarda qızılın bir troya unsiyasının qiyməti bu gün 2 faiz ucuzlaşaraq 3485 dollara enib. Qiymətli metal ötən həftə təxminən 9 faiz dəyər itirib. Beləliklə, qızılın qiyməti ardıcıl 3-cü ayda da 6 faizdən çox azalma nümayiş etdirməyə hazırlaşır.
Enerji xərclərinin artması inflyasiya təzyiqlərini gücləndirib və mərkəzi bankları pul siyasətini sərtləşdirməyə sövq edib. Qızılın qiymətinə, həmçinin süni intellektlə əlaqəli şirkətlərin səhmlərində müşahidə olunan ucuzlaşma da mənfi təsir göstərib. Bu proses maliyyə bazarlarında daha genişmiqyaslı satışlara səbəb olub.
İnflyasiya göstəricilərinin proqnozları üstələməsi və ABŞ rəsmilərinin sərt pul siyasətinin davam etdirilməsinə işarə edən açıqlamalarından sonra FED-in dekabr ayında faiz dərəcələrini artıracağı ehtimalı xeyli yüksəlib. Bu gözləntilər qiymətli metallara təzyiqi artırıb.
Ekspertlərin fikirncə, hazırda real gəlirliliyin yüksək olması və ABŞ dollarının mövqeyini qoruması qızıl bazarı üçün əsas maneələr olaraq qalır. Qiymətlərin davamlı bərpası üçün inflyasiyanın zəiflədiyini təsdiqləyən daha aydın göstəricilər, real gəlirlilik səviyyəsində müəyyən azalma və FED-in pul siyasətini daha da sərtləşdirəcəyi ilə bağlı gözləntilərin zəifləməsi vacibdir.
Gümüşün qiymətində də azalma qeydə alınıb. Belə ki, metalın bir unsiyasının qiyməti 2025-ci il sentyabrın 1-dən bəri ilk dəfə 40 dollardan aşağı düşüb.
İnvestorlar, həmçinin ABŞ Prezidenti Donald Tramp administrasiyasının Çin və Avropa İttifaqından idxal olunan məhsullara tətbiq edilən gömrük rüsumlarının artırılması ilə bağlı mümkün açıqlamalarını da diqqətlə izləyirlər.
