Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib.
Palatadan NUHÇIXAN-a bildirilib ki, iclasda Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2027-ci il büdcəsinin layihəsinə Hesablama Palatasının Rəyi müzakirə edilib. Rəydə gəlir və xərc istiqamətləri üzrə proqnozlaşdırılmış məbləğlərin əsaslılığı, büdcə layihəsinin, o cümlədən növbəti ildə fond tərəfindən həyata keçiriləcək investisiya siyasətinin hüquqi aktlara uyğunluğu araşdırılıb. Rəyin sonunda aparılmış təhlillər əsasında tövsiyələr verilib. Müzakirələrin nəticəsində rəyin təsdiq edilməsi və aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilib.
Sonra iclasda auditor Vüqar İbrahimov tərəfindən təqdim edilən “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ayrılan dövlət investisiyalarının (seçmə qaydada) auditinin nəticələrinə dair Auditor hesabatı” müzakirə olunub. Müzakirələrin yekununda auditor hesabatının təsdiq edilməsi, həmçinin aşkar olunmuş nöqsanların aradan qaldırılması məqsədilə audit olunan qurum tərəfindən zəruri tədbirlərin görülməsinə dair qərar qəbul olunub.
Daha sonra iclasda aparat rəhbəri Tamerlan Yusif-zadə tərəfindən “Dövlət Auditi” İnformasiya Sistemi üzrə həyata keçirilən fəaliyyətlər və nəzərdə tutulan təkmilləşdirilmələr barədə məlumat verilib. Qeyd olunub ki, DAİS-də təhlillərin və nəticələrinin rəqəmsal həll vasitəsilə hazırlanması təmin edilib. Hazırda müvafiq dövlət qurumlarından məlumat ötürülməsinin təmin edilməsi üçün işlər davam etdirilir.
Hesablama Palatasının sədri kollegiya üzvlərinə və struktur bölmə rəhbərlərinə dövlət auditi proseslərinin daha keyfiyyətli və səmərəli təşkili ilə bağlı, o cümlədən DAİS-in funksionallıqlarının artırılması üçün tapşırıqlar verib.
Kollegiya iclasında, həmçinin “Hesablama Palatası tərəfindən kənar dövlət maliyyə nəzarəti tədbirlərinə hazırlıq, kənar dövlət maliyyə nəzarəti tədbirlərinin keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi Qaydaları”na dəyişikliklər edilməsi, “Azərbaycan Respublikası Hesablama Palatasının metodiki sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi Qaydaları”nın təsdiq olunması barədə qərarlar qəbul edilib.
İclasın sonunda gündəlikdə olan cari məsələlərə baxılıb.
