Yaxın Şərqdə davam edən silahlı toqquşmaların regiondan xam neft ixracının bərpasına mane ola biləcəyi ilə bağlı narahatlıqlar fonunda dünya bazarında neftin qiyməti artmaqda davam edir.
NUHÇIXAN xəbər verir ki, əvvəlki iki ticarət sessiyasında təxminən 6 faiz bahalaşan “Brent” markalı neftin bir barelinin qiyməti 95 dollar, “Light” nefti isə 84 dollar ətrafında ticarət olunub.
İranın dəstəklədiyi husilər Səudiyyə Ərəbistanının, o cümlədən ölkənin ən böyük neft ixracı mərkəzi olan Ras-Tanura limanının və Qırmızı dəniz sahilindəki limanlarının hədəf alınmasını davam etdirirlər. İran tərəfi, həmçinin Hörmüz boğazında bir sıra gəmilərin dəniz minalarına tuş gəldiyini iddia edib. Lakin bu məlumat hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Qeyd edək ki, qlobal bazarın əsas göstəricisi hesab edilən “Brent” markalı neftin qiyməti bu ay kəskin ucuzlaşmışdı. Buna səbəb Beynəlxalq Enerji Agentliyinin (IEA) cari rübdə bazarda təklif artıqlığı yaranacağını proqnozlaşdırması fonunda Fars körfəzindən xam neft tədarükünün bərpası olub. ABŞ Prezidenti Donald Trampın aralıq seçkilərində Demokratlar Partiyasının inamlı qələbəsindən sonra İrana qarşı yeni hücumları təxirə salması da bazardakı gərginliyi müəyyən qədər azaldıb.
Təxminən 9 aydır davam edən müharibəyə son qoyulması istiqamətində diplomatik səylər göstərilsə də, tərəflər arasında əsas fikir ayrılıqları qalmaqdadır.
Tehran ABŞ-nin limanlarına tətbiq etdiyi dəniz blokadasının aradan qaldırılmasını, sanksiyaların yumşaldılmasını və dondurulmuş aktivlərinin azad edilməsini tələb edir. Vaşinqton isə İranın nüvə proqramı ilə bağlı güzəştlərə getməsini istəyir.
Ekspertlər bildirirlər ki, münaqişənin həlli qeyri-müəyyən olaraq qaldığı müddətdə xam neftin qiymətində risk mükafatı qorunacaq. İran tərəfindən gəmilərə təkrarlanan hücumlardan sonra Körfəz vasitəsilə neft ixracının həcmi azalıb.
