ABŞ Federal Ehtiyat Sisteminin (FED) inflyasiya ilə mübarizə məqsədilə faiz dərəcələrini artıracağına dair narahatlıqların güclənməsi fonunda qızılın qiyməti son 15 ayın minimum səviyyəsindən bir qədər yuxarı həddə dəyişkən dinamika nümayiş etdirir.
NUHÇIXAN xəbər verir ki, ötən gün qeyri-sabit ticarət sessiyasından sonra qızılın bir troya unsiyasının qiyməti hazırda 3560 dollar ətrafındadır. Ticarət zamanı qiymət 2025-ci ilin avqustundan bəri ən aşağı gününədək səviyyəyə düşsə də, sessiyanı cüzi artımla başa vurub. Bu gün ABŞ-da Şükranlıq Günü ilə əlaqədar əksər maliyyə bazarlarının bağlı olması və ticarət həcminin məhdud qalması gözlənilir.
Analitiklər bildiriblər ki, əvvəlki gün baş vermiş kəskin qiymət dəyişikliklərindən sonra qızıl bazarında müəyyən bərpa müşahidə olunsa da, ümumi bazar əhval-ruhiyyəsi hələ də qiymətlərin azalması istiqamətindədir. ABŞ Federal Ehtiyat Sisteminin Açıq Bazar Əməliyyatları Komitəsinin (FOMC) növbəti iclası ərəfəsində faiz artımı gözləntiləri maliyyə şərtlərinin sərtləşməsinə səbəb olur.
İnvestorların FED-in gələn ay faiz dərəcələrini artıracağına dair gözləntiləri və ABŞ dollarının möhkəmlənməsi qızılın ucuzlaşmasına təsir göstərir. Beləliklə, yanvar ayında rekord səviyyəyə yüksələn qızılın qiyməti ardıcıl enişini davam etdirərək noyabr ayında üçüncü aylıq azalma ilə üzləşməyə hazırlaşır.
Süni intellekt sektorunun perspektivləri ilə bağlı narahatlıqlar son həftələrdə qlobal maliyyə bazarlarında qeyri-sabitliyi artırıb. Bazarlarda müşahidə olunan enişlər bəzi investorları zərərlərini kompensasiya etmək məqsədilə qızıl aktivlərini satmağa sövq edib.
Çərşənbə günü açıqlanan məlumatlara görə, FED-in əsas inflyasiya göstəricisi kimi izlədiyi, ərzaq və enerji məhsullarının qiymətləri nəzərə alınmadan hesablanan fərdi istehlak xərcləri üzrə qiymət indeksi oktyabrda illik ifadədə 3,3 faiz artıb. Bu, 2023-cü ildən bəri qeydə alınan ən yüksək göstəricidir.
Sözügedən məlumatlar FED-in gələn ay pul siyasətini sərtləşdirməsi ehtimalını gücləndirməklə yanaşı, gələn il də faiz artımlarının mümkünlüyünə işarə edir. Eyni zamanda, ABŞ administrasiyasının bu həftə ticarət tərəfdaşlarına qarşı yeni gömrük rüsumları tətbiq edəcəyini açıqlaması həmin tədbirlərin istehlak qiymətlərinin artımını sürətləndirə biləcəyi ilə bağlı narahatlıqları artırıb.
ABŞ-İran münasibətlərindəki gərginlik səbəbindən enerji qiymətlərinin kəskin yüksəlməsi bu il inflyasiyanın yüksək səviyyədə qalmasına təsir göstərib. Bununla belə, xam neftin qiymətində cari ay ərzində azalma qeydə alınıb.
Gümüşün qiyməti də 0,2 faiz artaraq 41 dollara yüksəlib. Platin ucuzlaşdığı halda, palladium bahalaşıb.
ABŞ dollarının məzənnəsini izləyən “Bloomberg” dollar indeksi isə həftənin əvvəlində 2025-ci ilin aprelindən bəri ən yüksək səviyyəyə çatdıqdan sonra, demək olar ki, dəyişməz qalıb.
