Azərbaycan və Çin yaşıl enerji sahəsində birgə əməkdaşlıq perspektivlərini dəyərləndirib - FOTOLAR

A- A A+

“Kəmər və Yol” təşəbbüsü üzrə energetika nazirlərinin IV konfransı çərçivəsində Çində səfərdə olan energetika naziri Pərviz Şahbazov bu ölkənin Milli Enerji Administrasiyasının rəhbəri Vanq Hongzhi ilə görüşüb.

Nazirlikdən NUHÇIXAN-a bildirilib ki, görüşdə Azərbaycan-Çin hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə edilib.

Azərbaycan Prezidenti İlham Əliyevlə Çin Sədri Si Cinpin arasında yüksəksəviyyəli münasibətlərin və liderlərin görüşləri zamanı enerji əməkdaşlığı üzrə əldə edilən razılaşmaların birgə layihələrin inkişafına təkan verdiyi vurğulanıb.

“Kəmər və Yol” Enerji Tərəfdaşlığının İdarə Heyəti və Katibliyinin fəaliyyətə başlamasının çoxtərəfli əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaratdığı qeyd olunub. Azərbaycanın “Kəmər və Yol” təşəbbüsünü ilk gündən dəstəklədiyi və Enerji Tərəfdaşlığının fəaliyyətində fəal iştirakını davam etdirəcəyi diqqətə çatdırılıb. Çin sərmayəsi ilə Azərbaycanda həyata keçirilən ilk bərpaolunan enerji layihəsi olan 100 meqavat gücündə Günəş elektrik stansiyasının istifadəyə verilməsi yaşıl enerji sahəsində uğurlu əməkdaşlığın göstəricisi kimi qeyd edilib. Çin şirkətləri ilə Günəş və dəniz külək enerjisi layihələrinin inkişafı, Energetika Nazirliyi ilə Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu (EPPEI) arasında elektrik şəbəkəsinin planlaşdırılması və layihələndirilməsi üzrə mövcud əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Çin şirkətləri Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropanın elektrik enerjisi bazarlarını birləşdirəcək yaşıl enerji dəhlizlərinin yaradılmasında iştiraka dəvət edilib. Həmçinin neft-qaz, neft emalı və su elektrik stansiyaları layihələri üzrə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Milli Enerji Administrasiyasının rəhbəri Vanq Hongzhi Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirərək, Çin şirkətlərinin Azərbaycanda bərpaolunan enerji və digər perspektivli layihələrdə podratçı və investor kimi iştirakına dəstəyini ifadə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: