Azərbaycan neftinin qiyməti əsasən beynəlxalq bazarlarda formalaşan qiymətlərə uyğun olaraq dəyişir. Ölkəmizin ixrac etdiyi “Azeri Light” markalı neft keyfiyyət göstəricilərinə, xüsusilə aşağı kükürd tərkibinə və yüksək emal potensialına görə beynəlxalq bazarda keyfiyyətli məhsul hesab olunur. Bu xüsusiyyətlər Azərbaycan neftinə əlavə kommersiya üstünlüyü qazandırır.
NUHÇIXAN xəbər verir ki, bu gün dünya bazarında “Azeri Light” markalı neftin 1 barelinin qiyməti artaraq 102,77 dollara çatıb. London birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,64 dollar artaraq 97,21 dollar, Nyu-Yorkun birjasında isə “Light” markalı neftin bir barelinin qiyməti 2,46 dollar artaraq 86,14 dollar təşkil edib.
Neft qiymətlərinin yüksəlməsinin əsas səbəblərindən biri dünyanın müxtəlif regionlarında müşahidə olunan geosiyasi gərginliklərdir. Xüsusilə Yaxın Şərqdə baş verən hadisələr, Rusiya-Ukrayna müharibəsi və enerji infrastrukturuna qarşı hücumlar qlobal neft təchizatının təhlükəsizliyi ilə bağlı narahatlıqları artırır. Son 10 gündə Hörmüz boğazında 6 yük gəmisi minaya düşərək partlayıb ki, onlardan da 3 neft tankeri olub. Bu kimi hadisələr bazara təsirsiz ötüşmür. Bu marşrutda mümkün fasilələr dünya bazarına neft tədarükünün azalması ehtimalını gücləndirir. Nəticədə treyderlər və investorlar mümkün təchizat çatışmazlığını nəzərə alaraq neftin qiymətini artırırlar.
Ötən gün Hörmüz boğazı ətrafında təchizat riskləri və Ukraynanın Rusiyanın neft zavodlarına hücumları neft qiymətlərinə yüksəlməsinə səbəb olub. Əgər dünya bazarına çıxarılan neftin həcmi azalır, lakin tələbat nisbətən yüksək qalırsa, bu, qiymətlərin artması üçün zəmin yaradır. OPEC+ ölkələrinin hasilat siyasəti ilə bağlı gözləntilər də bazar iştirakçılarının davranışına və fyuçers qiymətlərinə təsir edir.
Neftin qiymətini müəyyən edən fundamental amillərdən biri də qlobal təklif və tələbat arasındakı münasibətdir. Sənaye istehsalının genişlənməsi, nəqliyyat sektorunun fəaliyyəti, aviasiya daşımaları və neft-kimya sənayesinin xammala ehtiyacı neftə olan tələbatı formalaşdırır. Bununla yanaşı hasilatın artması, strateji ehtiyatların bazara çıxarılması və ixrac imkanlarının genişlənməsi qiymətlərə aşağı istiqamətdə təzyiq göstərə bilər. Deməli, neft bazarında qiymət artımı yalnız tələbatın yüksəlməsi ilə deyil, həm də təklifin azalacağına dair gözləntilərlə bağlıdır.
