“Caspian Energy” jurnalının yeni 107-ci buraxılışı nəşr olunub və 26-cı Beynəlxalq Caspian Oil & Gas sərgi və konfransında təqdim edilib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Bu nömrədə Gürcüstan Prezidenti Salome Zurabişvili, Monteneqro Prezidenti Milo Cukanoviç, Gürcüstanın Baş Nazirinin müavini, Regional İnkişaf və İnfrastruktur naziri Maya Tskitişvili, Maliyyə naziri İvan Maçavariani, Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri Levan Davitaşvili, İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava ilə müsahibələr yer alıb. Nömrədə, həmçinin Gürcüstanın iqtisadi regionlarının birinci investisiya reytinqinin nəticələri dərc olunub.
T.Əliyev qeyd edib ki, jurnalın yubiley buraxılışı, həmçinin 2019-cu il iyunun 21-də Tbilisidə keçiriləcək 8-ci Beynəlxalq “Caspian Energy Forum Tbilisi” çərçivəsində təqdim ediləcək.
Qeyd olunub ki, “Caspian Energy” jurnalı dünyanın 70 ölkəsində yayılır. İyirmi il ərzində jurnalda dünyanın müxtəlif ölkələrinin Prezident və Baş nazirlərinin, həmçinin nüfuzlu beynəlxalq təşkilatlarının, iri transmilli şirkətlərin müsahibələri, aparıcı ekspertlərin icmal və analitik materialları dərc olunur.
Müxtəlif qiymətləndirmələrə görə, “Caspian Energy” jurnalı Xəzər-Qara dəniz və Baltik regionlarının aparıcı nəşrləri beşliyinə daxil olub, həmin regionlarda fəaliyyətin müəyyən edilməsində əksər sərmayəçilər üçün istiqamətləndirici rolunu oynayır.