İyunun 4-də Milli Məclisin Aqrar siyasət komitəsinin növbəti iclası keçirilib.
NUHÇIXAN xəbər verir ki, komitənin sədri Eldar İbrahimov gündəlik barədə məlumat verdikdən sonra “Aqrar sığorta haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə olunub. Bildirilib ki, qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin 27-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanması ilə bağlı münasibətləri tənzimləyir, aqrar sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.
Sonra “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Dövlət rüsumu haqqında”, “Baytarlıq haqqında”, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda təqdim olunub. Qeyd edilib ki, qanun layihəsi dövlət baytarlıq xidməti ilə dövlət baytarlıq nəzarətinin bir-birindən fərqləndirilməsi və onların sərhədlərinin dəqiq müəyyən edilməsini nəzərdə tutur. Bununla da bu sahədə fəaliyyət göstərən orqanların (o cümlədən Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi) fəaliyyətinin səmərəliliyi artacaq. Bu məqsədlə dövlət baytarlıq xidmətinin əhatə dairəsini müəyyən edən yeni maddə əlavə edilir. Dövlət baytarlıq xidməti bilavasitə kənd təsərrüfatı sahəsi olan heyvandarlığın inkişafına, dəstəklənməsinə, heyvan xəstəlikləri ilə mübarizə aparılmasına yönəlib.
Dövlət baytarlıq nəzarəti isə əhalinin sağlam heyvan mənşəli qida məhsulları ilə təmin olunmasını (bu məqsədlə qida məhsullarının bütün mərhələlərində ona nəzarətin təşkilini) əhatə edəcək. Eyni zamanda, dövlət baytarlıq nəzarəti baytarlıq xidmətinin keçirilməsi və təşkilinə nəzarəti də təmin edir. Bundan başqa, qanun layihəsi idxal, ixrac və tranzit zamanı heyvan mənşəli qida məhsullarına nəzarət sahəsində səlahiyyətlərin dəqiqləşdirilməsini, o cümlədən sərhəd buraxılış məntəqələrində baytarlıq nəzarəti məntəqələrinin təşkili qaydasının dəqiqləşdirilməsini, epizootiya sahəsində monitorinqin keyfiyyətinin yüksəldilməsi məqsədilə epizootiya monitorinqinin aparılması qaydasının müəyyən edilməsini nəzərdə tutur.
Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.