İyunun 14-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
NUHÇIXAN xəbər verir ki, komitənin sədri Ziyad Səmədzadə gündəlik barədə məlumat verib.
Əvvəlcə “Lombardlar haqqında” qanun layihəsi müzakirə olunub. Qeyd edilib ki, 6 fəsil və 32 maddədən ibarət olan qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin 15-ci və 27-ci bəndlərinə uyğun olaraq hazırlanıb və lombardlar tərəfindən kreditlərin verilməsi və əşyaların saxlamaya qəbul edilməsi, habelə lombardlar tərəfindən həyata keçirilən fəaliyyətin nizamlanması və ona nəzarətlə bağlı münasibətləri tənzimləyir.
Sonra “Bank olmayan kredit təşkilatları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Bildirilib ki, dəyişikliklər nəticəsində BOKT-lərdəki inzibatçıların daha ixtisaslı kadrlarla əvəz olunması, zərurət yarandığı təqdirdə nəzarət orqanının çevik və effektiv təsir imkanlarından istifadə edilməsi, sistemin sağlamlaşdırılması, tələblərə cavab verməyən BOKT-lərin kənarlaşdırılması, istehlakçıların hüquqlarının qorunması və digər sahələrdə inkişaf üçün hüquqi əsas formalaşacaq.
Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edən komitə sədri Ziyad Səmədzadə deyib ki, həmin məcəllənin 164-cü maddəsi kənd təsərrüfatı sahəsində bir sıra malların, məhsulların ƏDV-dən azad olunmasını nəzərdə tutur. Eləcə də məcəllənin 164.1.34-cü maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların idxalı və satışı ƏDV-dən azad edilib.
Qanun layihəsinə əsasən ƏDV-dən azadolma qeyd edilən qurğuların, maşınların, avadanlıqların və texnikaların idxalı və satışı ilə yanaşı, onların istehsalına da tətbiq ediləcək. Eyni zamanda, təsdiq edilmiş siyahı üzrə kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin idxalı və satışı da ƏDV-nin tətbiqindən azad ediləcək. Qanun layihəsi ölkədə suvarma təyinatlı kənd təsərrüfatı texnikasının, avadanlıqların və onların ehtiyat hissələrinin istehsalının stimullaşdırılmasına, kənd təsərrüfatı texnikalarının ehtiyat hissələri ilə təminatının yaxşılaşdırılmasına və mövcud texnikaların saz vəziyyətdə saxlanmasına, kənd təsərrüfatı texnikasının və onların ehtiyat hissələrinin qiymətlərinin optimallaşdırılmasına, son nəticədə aqrar sektorun dəstəklənməsinə xidmət edəcək.
Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.