NUHÇIXAN xəbər verir ki, Naxçıvanda Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan Respublikası və İran İslam Respublikasının daimi fəaliyyət göstərən birgə komissiyasının növbəti iclası keçirilib. Naxçıvan şəhərindəki Təbriz oteldə keçirilən iclasda ikitərəfli mansibətlər və əlaqələr müzakirə olunub. Tədbirdə ölkəmizi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini, komissiyanın həmsədri Zakir Quliyev, Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov, Ekologiya və Təbii Sərvətlər naziri Mais Əliyev, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev və komissiyanın digər üzvləri təmsil ediblər. Qonşu ölkədən isə İran İslam Respublikası Energetika Nazirliyinin Sərhədyanı Çaylar və Müştərək Su Mənbələri İşləri üzrə departamentinin direktoru , komissiyanın həmsədri İsa Bururğzadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak ediblər. Qonaq görüşün Naxçıvanda keçirilməsində yaradılan şəraitə görə muxtar respublika rəhbərinə minnətdarlıq edib. Qeyd olunub ki, Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə qarşılıqlı əməkdaşlıq yüksək səviyyədə qurulub. Artıq 48 ildir ki, fəaliyyət göstərən müştərək komissiyanın hər il keçirdiyi tədbirlərdə qəbul etdiyi müddəalar il boyu ciddi şəkildə yerinə yetirilir. Növbəti tədbir də Bakı şəhərində start götürüb və Naxçıvanda davam edib. Bu cür əməkdaşlıq bundan sonra da davam edəcək. Komissiya üzvləri növbəti görüşdə bir sıra məsələləri müzakirə ediblər.
Komissiyanın növbəti protokoluna 12 maddə salınıb. Sənədlərlə tanış olan komissiya üzvləri ikitərəfli müzakirədən sonra maddələri qəbul edərək komissiyanın 48-ci protokolunu imzalayıblar.
Görüşdə həmçinin iki il sonra qeyd ediləcək komissiyanın fəaliyyətinin 50 illiyini təmtəraqlı şəkildə qeyd etmək də müzakirə olunub.
Səməd Canbaxşiyev