“Visa” beynəlxalq kart təşkilatı Azərbaycanın işğal olunmuş ərazilərində öz brendi ilə ödəniş kartları vasitəsilə bankomatlarda əməliyyatların aparılmasını tam dayandırıb.
NUHÇIXAN xəbər verir ki, bu qərar müəyyən edilmiş faktlardan sonra qəbul edilib.
Mövcud problemin həlli istiqamətində əsaslı addımlar atan ilk beynəlxalq kart təşkilatı kimi "Visa" bu ərazilərdə Ermənistan banklarının quraşdırdığı 20-dən çox bankomatda təşkilatın brendini daşıyan ödəniş kartları ilə nağd və nağdsız formada əməliyyatların aparılmasını dayandırıb.
Xatırladaq ki, ötən həftə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) maliyyə bazarları, o cümlədən ödəniş sistemləri sahəsində həyata keçirdiyi tənzimləmə və nəzarət çərçivəsində Azərbaycan Respublikasının işğal altında olan ərazilərində fəaliyyət göstərən banklar tərəfindən beynəlxalq kart təşkilatlarının brendini daşıyan ödəniş kartlarına xidmət göstərilməsi faktları müəyyən edilib. Həmçinin qondarma Dağlıq Qarabağ respublikasının maliyyə nazirliyinin rəsmi internet səhifəsi üzərindən maddi yardımın toplanılması faktı aşkarlanıb. Bu faktların mövcudluğu ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün, beynəlxalq hüquqi normaların pozulması, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi baxımından əlverişli şəraitin yaradılması, habelə beynəlxalq kart təşkilatları tərəfindən müəyyən edilmiş tələblərin gözlənilməməsi deməkdir. MBNP tərəfindən aşkar olunmuş faktlar əsasında “Visa Inc.” və “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının rəhbər nümayəndələri ilə görüşlər keçirilərək bu təşkilatların brendini daşıyan ödəniş kartlarına işğal olunmuş ərazilərdə xidmət göstərilməsinin təxirəsalınmadan dayandırılması diqqətə çatdırılıb.