Muxtar respublikada uzun illər əkilməyən və istifadəsiz qalan torpaq sahələrinə yeni suvarma kanallarının çəkilməsi, müasir meliorasiya və irriqasiya sistemlərinin qurulması əkin dövriyyəsinə yeni sahələrin qatılmasında mühüm rol oynayıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, 2018-ci ildə və cari ilin ilk altı ayında meliorasiya-irriqasiya sistemlərinin yenilənməsi istiqamətində Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 616, Yurdçu kəndi ərazisində 59,4 hektar sahəni əhatə edən yeni qapalı suvarma şəbəkələrinin tikintisi başa çatdırılaraq istifadəyə verilib.
Həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsi olaraq, muxtar respublikada 2019-cu ilin məhsulu üçün ümumi əkin sahəsi 62 min 970 hektar təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 1035 hektar çoxdur. Ümumi əkin sahəsinin 31 min 667 hektarını və ya 50,3 faizini payızlıq, 27 min 231,5 hektarını və ya 43,2 faizini yazlıq əkin, 4071,5 hektarını və ya 6,5 faizini əvvəlki illərin çoxillik otları təşkil edib.
2019-cu ilin məhsulu üçün qeydə alınmış əkin sahəsinin 35 min 457 hektarını və ya 56,3 faizini dənli və dənli-paxlalılar (qarğıdalısız), 1004 hektarını və ya 1,6 faizini dən üçün qarğıdalı, 290 hektarını və ya 0,5 faizini dən üçün günəbaxan, 50,5 hektarını və ya 0,1 faizini tütün, 3228 hektarını və ya 5,1 faizini kartof, 6246 hektarını və ya 9,9 faizini tərəvəz, 2778 hektarını və ya 4,4 faizini bostan bitkiləri, 9845 hektarını və ya 15,6 faizini cari ilin çoxillik və birillik otları, 4071,5 hektarını və ya 6,5 faizini isə əvvəlki illərin çoxillik otları təşkil edib. Ümumi əkin sahəsinin 2095 hektarı Naxçıvan şəhərinin, 17 min 115 hektarı Şərur, 16 min 172 hektarı Babək, 3937 hektarı Ordubad, 8213 hektarı Culfa, 9205 hektarı Kəngərli, 2659 hektarı Şahbuz və 3574 hektarı Sədərək rayonlarının payına düşüb.
Yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması istiqamətində Kəngərli rayonunun Yurdçu kəndi ərazisində 76 və Şahbuz rayonunun Türkeş kəndi ərazisində 300 hektar sahədə qapalı suvarma şəbəkələrinin tikintisi davam etdirilir.
Aqrar sahədə nəzərdə tutulan xidmət işlərinin yerinə yetirilməsini sürətləndirmək, sahibkarların əməyini yüngülləşdirmək, onların lazımi texnika ilə vaxtında və güzəştli şərtlərlə təmin edilməsi məqsədilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 309-u 2019-cu ilin yanvar-iyun aylarında olmaqla, 2684 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası alınaraq muxtar respublikaya gətirilib. 2019-cu ilin ilk altı ayında 172 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq lizinq yolu ilə icarəyə verilib, ikisi nağd yolla satılıb.
Həmçinin istehsal olunmuş məhsulların ilboyu keyfiyyətli şəkildə istehlakçılara çatdırılması məqsədilə cari ilin ötən dövründə Şərur rayonunda bir soyuducu anbar genişləndirilib, Babək rayonunda bir, Şərur rayonunda iki soyuducu anbarın yaradılması, iki soyuducu anbarın genişləndirilməsi davam etdirilir.
Torpaq sahələrinin əkin dövriyyəsinə qatılması prosesinin uğurla davam etdirilməsi istehsalın artmasına, tələbatın yerli məhsullar hesabına ödənilməsinə, səmərəli məşğulluğun təmin olunmasına, ümumilikdə, muxtar respublika iqtisadiyyatının dinamik və davamlı inkişafına yeni imkanlar yaradır.