Muxtar respublikada sənayenin inkişafı diqqətdə saxlanılır

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, muxtar respublika iqtisadiyyatının davamlı inkişafının təmin olunmasında mühüm sahələrdən biri də sənayedir. Son illər bu sahədə həyata keçirilən uğurlu iqtisadi siyasət sənayeləşmə prosesini daha da sürətləndirmiş, rəqabətədavamlı və ixracyönümlü məhsullar istehsal edən yeni müəssisələr yaradılmışdır.

Yeni məhsul növlərinin istehsalının təmin olunması daxili tələbatın yerli istehsal hesabına ödənilməsinə, məşğulluq səviyyəsinin yüksəldilməsinə yeni imkanlar yaratmaqla bərabər, ümumilikdə, iqtisadiyyatın bütün sahələrinin inkişafı üçün əsas stimullaşdırıcı amilə çevrilmişdir.
 
Aparılmış məqsədyönlü tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublikada çörək və çörəkbulka məmulatları, ət və süd məhsulları, makaron, qənd, duz,şirniyyat, meyvə şirəsi,spirtli içkilər, mineralsular, dekorativ daşlar, travertin, gips, gips lövhələr, sement, əhəng, məsaməli beton, plastik materiallar, karbon qazı, metaləritmə, müxtəlif çeşidli mebellər, dam örtüyü, istilik panelləri, avtomobil və onlarla digər məhsullar istehsal olunur.

Sənaye sahəsində atılan mühüm addımlar məhsul istehsalının artımına müsbət təsir göstərmiş, 2019-cu ilin yanvar-iyun aylarında muxtar respublikada 550 milyon 110 min 700 manat dəyərində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da 2009-cu ilin müvafiq dövründəki göstəricidən 5,2 dəfə çoxdur.

Əldə olunmuş uğurların nəticəsi kimi hazırda ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Ümumi daxili məhsulun sahə strukturunda sənayenin xüsusi çəkisi 2009-cu ilin yanvar-iyun aylarında 17 faiz təşkil etdiyi halda, 2019-cu ilin yanvar-iyun aylarında bu göstərici 29,9 faiz təşkil etmişdir.Bu ilin yanvar-iyun aylarında hər bir nəfərə düşən sənaye məhsulu 1204 manat olmuşdur.

Həyata keçirilən tədbirlərin nəticəsidir ki,qeyri-dövlət sektorunda 2009-cu ilin yanvariyun aylarında 89 milyon 911 min 100 manatlıq sənaye məhsulu qeydə alınmışdırsa, 2019-cu ilin müvafiq dövründə bu göstərici 518 milyon 966 min manat olmuşdur. 2009-cu ilin ilk altı ayında istehsal olunan sənaye məhsulunda özəl bölmənin xüsusi çəkisi 85,1 faiz təşkil etmişdirsə, 2019-cu ilin müvafiq dövründə bu göstərici 94,3 faiz olmuşdur.

2019-cu ilin yanvar-iyun aylarında istehsal edilmiş sənaye məhsulunun 94,4 faizi emal sənayesinin payına düşüb. Emal sənayesi kənd təsərrüfatından və mədənçıxarma sənayesindən əldə edilən məhsulların işlənildiyi və müxtəlif sahələrdə istifadəyə hazır vəziyyətə gətirildiyi sahə olub, iqtisadiyyatın özəyini təşkil edir. Bu dövr ərzində emalsənayesi üzrə istehsal olunan sənaye məhsulunun dəyəri 2009-cu ilin müvafiq dövründəki göstəricini 5,7 dəfə üstələmişdir. Emalsənayesi ilə yanaşı,mədənçıxarma sənayesi, elektrik enerjisi istehsalı sahələrinin də inkişafı diqqətdə saxlanılmışdır.
 
Muxtar respublikada sənayenin inkişafı istiqamətində 2009-cu ildən 1 iyul 2019-cu il tarixədək bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 86 milyon 914 min 800 manat kredit verilmişdir.

Sənayedə istehsalın genişlənməsi ixracın da həcminə müsbət təsir göstərmiş, 2019-cu ilin yanvar-iyun aylarında muxtar respublikada 151 milyon 253 min 500 ABŞ dolları dəyərində sənaye məhsullarının ixracı qeydə alınmışdır ki, bu da ümumi ixracın 78,9 faizini təşkil edib.

Sənayenin inkişafı bu sektorda işləyən işçilərin say tərkibinin artımına da təsir göstərmişdir. Belə ki, 2019-cu ilin yanvar-iyun aylarında sənaye sektorunda 16634 nəfər işçi çalışmışdır. Bu da 2009-cu ilin müvafiq dövründəki göstəricidən 2,1 dəfə çoxdur. Bu dövr ərzində sənaye sahəsində bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 2009-cu ilin yanvariyun aylarına nisbətən 63,7 faiz artaraq 392,9 manat təşkil etmişdir.

Cari ilin ilk altı ayında sənayenin inkişafı istiqamətində mineral su, unlu qənnadı məmulatları, xalça, elektrod, su əsaslı boya, plastik səbət, elektrik enerjisi, müxtəlif çeşidli meyvə araqlarının istehsalı, müxtəlif çeşidli meyvə araqlarının və meyvə qurularının qablaşdırılması, meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi, müalicəvi əhəmiyyətli bitkilərin cövhərinin istehsalı və qablaşdırılması, taxıl emalı, yabanı növ bitkilərin tədarükü və konservləşdirilməsi, arıçılıq məhsullarının istehsalı və qablaşdırılması, tullantı yağlarının yenidən emalı, bərk sürtkü yağlarının istehsalı sahələrinin yaradılması davam etdirilib.

Həmin istehsal sahələri, həyata keçirilən digər mühüm tədbirlər sənayenin daha sürətli inkişafına, yeni məhsul növlərinin istehsalına geniş imkanlar yaradacaqdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: