2019-cu il yanvarın 1-dən elektron qaimə-fakturaların tətbiqi dairəsində müəyyən dəyişikliklər aparılıb.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən NUHÇIXAN-a bildirilib ki, dəyişikliyə əsasən, malların elektron qaimə və ya elektron vergi hesab-fakturası verilmədən satılmasına görə malsatan şəxslərə sanksiya tətbiq edilir. Belə ki, yeni maliyyə sanksiyaları qüvvəyə mindiyi gündən 1 təqvim ili ərzində belə hala birinci dəfə yol verildikdə vergi orqanı tərəfindən vergiödəyicisinə maliyyə sanksiyası tətbiq olunmur və yalnız rəsmi (yazılı) xəbərdarlıq edilir.
Vergiödəyicisi tərəfindən təkrarən belə hala yol verildiyi aşkarlanarsa, birinci dəfə maliyyə sanksiyalarının məbləği təqdim edilən malların satış qiymətinin 10 faizi, ikinci dəfə 20 faizi, üç və daha çox dəfə yol verildikdə isə 40 faizi həcmində olacaq.
Elektron qaimə-fakturaların tətbiqi vergi inzibatçılığının sadələşdirilməsinə, vergi nəzarətinin daha səmərəli və əhatəli təşkilinə, vergidən yayınma hallarının azaldılmasına, vergiödəyiciləri üçün kağız sənədləşmə dövriyyəsinin məhdudlaşdırılmasına xidmət edir.