Naxçıvan məhsulları Oğuz rayonunda təşkil olunan yay məktəbində tanıdılıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL) çərçivəsində Oğuz rayonunda təşkil edilən AMAL Akademiyası Yay Məktəbi başa çatıb. Avqustun 25-dən sentyabrın 1-dək davam edən yay məktəbində Azərbaycanın müxtəlif regionlarından kənd təsərrüfatına maraq göstərən 18-35 yaş arasında 56 nəfər gəncin iştirak etdiyi tədbirdə muxtar respublikamızı Nihad Bayramlı təmsil edib.
Gənc fermerlərin aqrar sahədə bilik və bacarıqlarının artırılması məqsədilə ilk dəfə təşkil edilən AMAL Yay Məktəbi maraqlı təlim proqramı, kənd təsərrüfatı müəssisələrinə səfərlər və əyləncəli tədbirlərlə yaddaqalan olub. İxtisaslaşmış təcrübəli mütəxəssislər tərəfindən interaktiv metodlarla aparılan nəzəri təlimlərdə iştirakçılara “Bazar Dəyər Zənciri”, “Bazar Dəyər Zəncirinin dəstək funksiyaları”, “Fermer hüquqları”, “Fermerlərin bazara çıxışı”, “Maliyyə resurslarına çıxış və kreditlər” “Qadınların İqtisadi Liderliyi”, “İnnovativ kənd təsərrüfatı”, “Kənd təsərrüfatında qlobal tendensiyalar” və digər mövzular barədə ətraflı məlumat verilib.
Proqrama uyğun olaraq, yay məktəbinin iştirakçıları nəzəri biliklərlə yanaşı, aqrar sahədə biliklərini artırmaq, təcrübə toplamaq məqsədilə bölgədə fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələrinə, fərdi təsərrüfatlara səfərlər edib, istehsal prosesini canlı şəkildə izləyib, uğur qazanmış fermerlərlə tanış olublar.
Yay məktəbi iştirakçılarının asudə vaxtlarının maraqlı və səmərəli keçməsi üçün qaldıqları Oğuz şəhərindəki “AFRA” otelində təlim saatlarından sonra əyləncəli proqramlar təşkil edilib. Həftə ərzində keçirilən mədəniyyət axşamlarında gənclər öz yaradıcılıq qabiliyyətlərini nümayiş etdiriblər. Naxçıvanı təmsil edən Nihad Bayramlı da muxtar respublikada istehsal olunan yerli məhsulları tədbir iştirakçılarına təqdim edib və Naxçıvan məhsulları maraqla qarşılanıb.
Qeyd edək ki, yay məktəbinin yekununda bütün iştirakçılara sertifikat və qiymətli hədiyyələr təqdim olunub.
Nihad Bayramlı