Soyuducu anbarlara 4 min tondan çox meyvə-tərəvəz tədarük edilib - FOTOLAR
Əhalinin etibarlı ərzaq təminatı ilin bütün dövrlərində, xüsusən soyuq qış aylarında vacib məsələlərdəndir. Bu baxımdan Naxçıvan Muxtar Respublikasında daxili bazarın yüksəkkeyfiyyətli ərzaq məhsulları ilə təmin olunması üçün görülən tədbirlər sırasında soyuducu anbar komplekslərinin yaradılması mühüm əhəmiyyət daşıyır. Belə ki, soyuducu anbarlar məhsul tədarükü mövsümündə təzə meyvə-tərəvəzin münasib qiymətlərlə alınıb, payız-qış mövsümündə bazara çıxarılması üçün nəzərdə tutulmuş mühüm infrastruktur obyektləridir. Qiymətlərin əhalinin istehlak qabiliyyətinə uyğun saxlanılması və bazarda keyfiyyətli yerli məhsullara üstünlük verilməsi baxımından da soyuducu anbarlara diqqət böyükdür. Buna görə də hər il muxtar respublikada fəaliyyət göstərən soyuducu anbarlara məhsul tədarük olunması diqqətdə saxlanılıb və satışa çıxarılan məhsulların həcmində də artım olub.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, muxtar respublikada fəaliyyət göstərən 26 fiziki və hüquqi şəxsə aid ümumi tutumu 11 265 ton olan soyuducu anbarlara bu günə qədər 4081 ton meyvə-tərəvəz məhsulu o cümlədən, 3967,7 ton kartof, 55,6 ton soğan, 52,8 alma və 5,47 ton kələm tədarük edilib.