Strateji inkişaf yolunun başlanğıcı – “Əsrin müqaviləsi” - FOTOLAR
Ötən əsrdə beynəlxalq münasibətlər sistemində baş verən mühüm dəyişikliklərdən biri böyük dövlətlərin inkişaf etməkdə olan ölkələrə qarşı tətbiq etdiyi birbaşa hərbi müdaxilələrin "yumuşaq güc”lə əvəz olunması, kommumikasiyadakı keyfiyyət transformasiyasının günümüzün reallığına çevrilməsidir. Yalnız çox böyük təcrübəyə, beynəlxalq nüfuza, xalqın arasında yüksək və sarsılmaz etimada malik olan ayrı-ayrı liderlər sayəsində kiçik dövlətlər bu cür miqyaslı təziqi zərərsizləşdirərərk "böhranı fürsətə çevirməyin” rasional yolunu göstərə bilir. Necə ki, Azərbaycana həmin mürəkkəb dövrdə rəhbərlik edən Ulu Öndər Heydər Əliyev beynəlxalq güc mərkəzlərindən gələn təzyiqi və daxili çətinlikləri uğurla həll edərək, onları nəinki netrallaşdırdı, həm də toqquşan maraqları uzlaşdıraraq ölkəmizi amansız rəqabət meydanı yox, ictimai-siyasi sabitliyin hökm sürdüyü əməkdaşlıq məkanına çevirdi.
Bu baxımdan, 1994-cü il Azərbaycanın müstəqillik tarixində xüsusi yer tutur. Ulu öndər məhz həmin il "Əsrin müqaviləsi"ni bütün maneələrə baxmayaraq reallaşdıra bildi. Belə ki, həmin ilin sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında dəyəri 7,4 mlrd. dollar olan "məhsulun pay bölgüsü" tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlanmış, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapmışdır. "Əsrin müqaviləsi"ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Statoil, Exxon, Türkiyə Petrolları, Pennzoil, ITOCHU, Ramco, Delta) iştirak etmişdir. Bu müqavilədə Böyük Britaniyanın "British Petroleum" (qoyulacaq investisiyanın 17,12 faizi) və "Ramco" (2,08 faizi), ABŞ-ın "Amoco" (17,01 faiz), "UNOCAL" (11,2 faiz), "Penzzoil" (9,81 faiz), "McDermott" (2,45 faiz), Rusiyanın "Lukoil" (10,0 faiz), Norveçin "Statoil" (8,56 faiz), Türkiyənin "Türk petrolları şirkəti"nin (1,75 faiz) və Azərbaycan Neft Şirkətinin isə 20 faiz payı var idi. Bununla da "Yeni neft strategiyası" və doktrinası uğurla həyata keçirilməyə başlandı.
"Əsrin müqaviləsi" Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi və 12 dekabr 1994-cü ildə qüvvəyə mindi. İlk dəfə hesablanmış çıxarılabilən neft ehtiyatı 511 milyon ton olmuş, sonralar qiymətləndirici quyuların nəticələrinə görə bu ehtiyat 730 milyon tona çatmışdır və bununla əlaqədar yataqların işlənilməsinə tələb olunan sərmayə xərcləri 11,5 milyard ABŞ dolları qəbul edilmişdir; ümumi təmiz gəlirdən Azərbaycanın payına 80%, sərmayəçilərin payına 20% düşür. "Əsrin müqaviləsi"nin ilk günlərindən başlayaraq Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti yaradıldı və təsdiq olunmuş vahid proqram üzrə ARDNŞ ilə birgə işlərə başlandı. Bu saziş sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanması üçün yol açdı. "Əsrin müqaviləsi" həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olmuşdur. İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları qoyuluşunun 57,6 milyardı dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldilmişdir.
O zaman bu hadisənin geosiyasi çalarları heç də hər kəs üçün bütünlükdə aydın deyildi. Yalnız böyük strateji təfəkkür sahibi olan Heydər Əliyev gözəl bilirdi ki, ölkənin müstəqillik tarixində yeni bir dönəmin bünövrəsi qoyuldu. Bu yolda Azərbaycana qarşı təzyiqlər də oldu, qarayaxma və ləkələmə kampaniyaları da aparıldı, müxtəlif iftiralar da uyduruldu. Lakin müstəqil Azərbaycan dövlətinin memarını heç kim, heç bir qüvvə tutduğu yoldan döndərə bilmədi, Heydər Əliyev müstəqil dövlətçilik dəyərini hər şeydən üstün tutdu.
Keçən müddət ərzində Azərbaycan "Əsrin müqaviləsi"ndən geniş bəhrələndi. Ölkənin beynəlxalq aləmdə nüfuzu xeyli artdı, etibarlı tərəfdaş imici tam olaraq formalaşdı və əsas faktorlardan biri kimi, Azərbaycan zəngin məmləkətlərdən birinə çevrildi. Bütün sahələr üzrə sürətli inkişaf tempi indi də saxlanılır. Dövlət quruculuğunun bütün istiqamətləri üzrə demokratik islahatlar durmadan davam edir. Əldə olunan nailiyyətlər ölkə və xarici KİV-də geniş işıqlandırılır. Analitiklər və ekspertlər Azərbaycanın sürətli tərəqqisinin müxtəlif səbəblərini kifayət qədər dərindən araşdırıblar.
Lakin uğurların sırasında olduqca əhəmiyyətli məqamı Prezident İlham Əliyev Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişin imzalanma mərasimindəki dərin məzmunlu nitqində ifadə edib. Ölkə rəhbəri vurğulayıb: ""Əsrin kontraktı" bizə imkan verdi ki, neftdən gələn gəlirləri qeyri-neft sektoruna yönəldək. Hesab edirəm ki, bu sahədə də bir çox neft hasil edən ölkələrdən fərqli olaraq Azərbaycan nefti insan kapitalına çevirə bildi. Çünki neft həm xeyir, həm də başağrısı, problem gətirə bilər. Biz bilirik ki, dünyada neft üstündə əvvəlki dövrlərdə də, hazırda da mübarizələr, münaqişələr gedir, qan axıdılır. Neft hasilatı hələ o demək deyil ki, ölkələr çiçəklənəcək, orada inkişaf olacaq. Neftlə zəngin olan bir çox ölkələrdə bu gün müşahidə edilən mənzərə bunun əksini deyir. Ona görə, bizim əsas vəzifəmiz ondan ibarət idi ki, neft gəlirlərini insan kapitalına çevirək və hər bir Azərbaycan vətəndaşı bu müsbət dəyişikliyi görsün".
Dövlətçilik fəlsəfəsi baxımından "Əsrin müqaviləsi"nin başlıca məqamını təşkil edən bu cəhət üzərində geniş dayanmağa ehtiyac vardır. Məsələ ondan ibarətdir ki, Prezident İlham Əliyevin xüsusi vurğuladığı kimi, zəngin neft ehtiyatı hələ ölkənin zəngin olması anlamına gəlmir. Müasir dövrdə böyük dövlətlər arasında gedən nüfuz və maraq savaşı ehtiyatsız atılmış bir addım ucbatından zənginliyi başağrısına çevirə bilər. İndi enerji ilə zəngin ərəb ölkələrinin bəzilərində müşahidə edilən proseslər bunun bariz nümunəsidir. Həmin dövlətlərdə müharibə, ixtilaflar, silahlı toqquşmalar səngimək bilmir. Üstəlik, onların dövlətçiliyi belə ciddi təhlükə qarşısındadır.
Ölkə başçısının vurğuladığı məqamın başqa tərəfi Cənubi Qafqaz regionunda geosiyasi dinamikanın böyük ziddiyyətlərə düçar olması ilə bağlıdır. Sirr deyil ki, müstəqilliyin ilk illərindən başlayaraq böyük güclər Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzünə ən azından göz yumdular. Bu, Azərbaycana bir siqnal idi və belə gedişatla ölkəmizin real olaraq müstəqil dövlət kimi formalaşması çox çətin olacaqdı. Heydər Əliyev hakimiyyətə yenidən dəvət edilənə qədər bu təhlükə getdikcə böyüdü. Çünki Ulu öndərdən əvvəl ölkəyə başçılıq edən AXC-Müsavat cütlüyü düzgün, dövrün tələblərinə uyğun daxili və xarici siyasət yeridə bilmədikləri üçün düşmən bu fürsətdən maksimum yararlandı. Nəticədə Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi ciddi təhlükə altına düşdü. Həmin kontekstdə "Əsrin müqaviləsi"nin imzalanması dövlət quruculuğu yolunda çox güclü təsiredici faktor oldu. Bir neçə dəfə onun baş tutmasını pozmağa çalışsalar da, Heydər Əliyevin həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasət hətta ən güclü beynləlxalq oyunçuların belə fitnəkarlıqlarını darmadağın etdi.
Bütün bunlar inkişaf üçün zəmin hazırlayırdı, lakin ən əsası müqavilənin yaratdığı yeni tarixi şəraitdən və imkanlardan optimal qaydada istifadə olunması idi. Qürur hissi ilə qeyd etmək olar ki, Azərbaycan rəhbərliyi neft kapitalını insan kapitalına çevirə bildi və bu, müstəqilliyini əldə etmiş gənc dövlətlər sırasında bəlkə də yeganə müsbət nümunədir.
Bu ideyanın arxasında çox məqamlar yatır. Əsas tezis bundan ibarətdir ki, ölkə rəhbərliyi neftdən gələn gəlirləri vətəndaşın sosial-mədəni, iqtisadi, mənəvi və fərdi inkişafına sərf etməyə imkan verən idarəetmə sistemi ortaya qoydu. Qazanılan kapital hər şeydən öncə Azərbaycan vətəndaşının rifahına və ordu quruculuğuna xərclənməkdə davam edir. Dövlət başçısı cənab İlham Əliyev bu kontekstdə fikirlərini belə vurğulayıb: "Bu gün bizim abadlaşan bölgələrimiz, inkişaf edən ölkə, Bakı şəhəri, – dünyanın ən gözəl şəhərlərindən biridir, – tikdiyimiz 3 mindən artıq məktəb, 600-dən çox xəstəxana, bölgələrdə tikdiyimiz 50-dən çox olimpiya mərkəzi, inşa etdiyimiz 11 min kilometrdən çox yollar, enerji infrastrukturumuz, iqtisadi inkişafımız, iqtisadiyyatın şaxələndirilməsi – bütün bunların təməlində neftdən əldə edilən gəlirlərdən səmərəli istifadə etmə imkanlarımız dayanır".
Ötən 25 il ərzində "Azəri-Çıraq-Günəşli"dən 492 milyon ton neft hasil edilib. Həmin müddətdə Dövlət Neft Fondundan məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün böyük vəsait ayrılıb. 250 min köçkün yeni salınan 100-ə yaxın qəsəbədə gözəl evlərlə, mənzillərlə təmin edilib.
Bunlardan başqa, Azərbaycan rəhbərliyi sazişin imzalanmasından sonrakı 25 il müddətində elm və təhsilə, vətəndaşların sosial təminatına böyük miqdarda vəsait ayırıb. Onlar ölkədə elm, təhsil, texnologiyanın inkişafına ciddi təkan verməkdədir. Çünki aydın həqiqətdir ki, şəxsiyyətin hərtərəfli inkişafı üçün lazım olan şəraitin yaradılması ilk növbədə elm və təhsilin inkişafı ilə əlaqəlidir.
Dövlət başçısı bir ölkənin inkişafını intellektual potensialının müəyyən etdiyini hər zaman ayrıca vurğulayıb. İnnovasiyaların, texnologiyaların inkişaf etdiyi ölkələr dünya miqyasında aparıcı mövqe tuturlar. Ölkə rəhbəri qeyd edir ki, "Gələcək inkişafı təbii resurslar yox, bilik müəyyən edəcək... Biz Azərbaycanda elmə, təhsilə, texnoloji inkişafa çox böyük əhəmiyyət veririk ki, gənclərimiz, cəmiyyətimiz bilikli olsun və Azərbaycan da texnoloji inkişaf baxımından geridə qalmasın. Maddi-texniki baza möhkəmlənir, təhsilin keyfiyyəti yaxşılaşır. Bu sahəyə investisiyalar qoyulur, insan kapitalına investisiyalar qoyulur".
Yuxarıda vurğulanan bütün məqamlar onu təsdiq edir ki, Azərbaycan rəhbərliyi 25 il ərzində enerji layihələrindən əldə edilən gəlirləri əsas olaraq Azərbaycanın sosial-mədəni, intellektual, mənəvi, iqtisadi və ekoloji inkişafına sərf edib. Və onların hamısının kökündə "Əsrin müqaviləsi" dayanır! Bu, müasir mərhələdə müstəqil dövlət quruculuğunun ən səmərəli yoludur və Azərbaycan təcrübəsi bunu tam təsdiqləyir. Çox vacib məqamdır ki, ölkə rəhbərliyi iki il əvvəl həmin istiqamətdə prinsipial əhəmiyyətli yeni bir addım atdı.
Belə ki, 2017-ci il sentyabrın 14-də Bakıda ölkəmiz üçün tarixi əhəmiyyətli bir hadisə baş verdi. Azərbaycan 6 ölkənin 11 şirkəti ilə - BP, "Chevron", "Inpex", "Statoil", "ExxonMobil", TP, "Itochu" və "ONGC Videsh" şirkətlərinin iştirakı ilə "Azəri", "Çıraq" yataqları və "Günəşli" yatağının dərinsulu hissəsinin (AÇG) 2050-ci ilə qədər birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişi imzalandı. Bununla da Azərbaycan hökuməti ilə BP başda olmaqla dünyanın böyük enerji şirkətləri arasında uzunmüddətli əməkdaşlığın davamına qərar verildi. Keçən müddət ərzində əldə edilən təcrübə təsdiqləyir ki, tərəflər bir-birinə tamamilə etibar edir və həmin səbəbdən, imzalanan yeni saziş Azərbaycanın geosiyasi nüfuzunun yüksəlməsi, müstəqil dövlət quruculuğu prosesinin uğurla inkişaf etdirilməsi baxımından olduqca qiymətlidir.
Bu saziş şübhəsiz ki, 1994-cü ildə imzalanmış müqavilənin yalnız zaman baxımından deyil, həm də geosiyasi, iqtisadi, mədəni və siyasi aspektdə davamıdır. Ölkə başçısı yeni sazişin imzalanması mərasimində söylədiyi nitqində bunu xüsusi ifadə edib. Yuxarıda təsvir edilən faktlardan da görünür ki, 1994-cü il müqaviləsi strateji məzmun kəsb edib. 2017-ci ildə imzalanan müqavilə də məhz bu prizmadan olduqca vacib hadisədir.
Maraqlı məqam ondan ibarətdir ki, yeni sazişin imzalanmasından bir neçə gün əvvəl bir sıra Avropa ölkələrinin KİV-i və qeyri-hökumət təşkilatları Azərbaycana qarşı çirkin təbliğat kampaniyasına başladılar. O zaman ekspertlər belə qiymət verdilər ki, bu kimi qarayaxma kampaniyası adətən Azərbaycanın hansısa əhəmiyyətli addımı ərəfəsində konkret dairələr tərəfindən aparılır. Məsələn, 1994-cü ildə "Əsrin müqaviləsi"nə mane olmaq üçün çox dəhşətli hadisələr – dövlət çevrilişinə cəhdlər, dövlət adamlarına qarşı sui-qəsdlər planlaşdırıldı. Hətta o zaman ölkəyə rəhbərlik edən Heydər Əliyevə sui-qəsd etməyə cəhd göstərildi.
İndi də eyni ssenari təkrarlanır. Lakin bu dəfə düşmənlər 1994-cü ildə olduğu kimi, yeni, zəngin və qüdrətli Azərbaycanda sui-qəsdlər və terror aktları təşkil edə bilmirlər. Çünki "Əsrin müqaviləsinin imzalanmasından sonra ölkəmiz bütün istiqamətlərdə sürətlə inkişaf edib və təhlükəsizliyini tam təmin edə bilir. Bu səbəbdən də yeni enerji sazişinin imzalanması ərəfəsi müəyyən dairələr yalnız ideoloji kampaniya aparmağa çalışdılar ki, onun da qarşısını Prezident İlham Əliyev öz müdrik addımları ilə dərhal aldı və sevindirici haldır ki, indi dünyanın hər yerində Azərbaycanda həyata keçirilən islahatlardan danışırlar.
Bu gün təbii resurslar uğrunda böyük dövlətlər ölüm-dirim savaşı aparırlar. Demək olar ki, dünyanın bütün regionlarında təbii ehtiyatların bölgüsü prosesi gedir. Bunu gizlətmək mümkün deyildir. Belə bir şəraitdə Azərbaycan dünyanın nəhəng dövlətlərini təmsil edən şirkətlərlə milli maraqlara uyğun saziş imzalayırsa, deməli, həqiqətən də bu kontrakt Azərbaycan üçün ciddi uğur sayılmalıdır.
Sazişin əsas parametrlərinə diqqət yetirsək görərik ki, ölkəmizə xarici sərmayəçilər tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək. Müqayisə üçün deyək ki, 2017-ci ildə Ermənistanın konsolidasiya olunmuş büdcəsinin gəlir hissəsi 2,6 milyard ABŞ dolları həcmində nəzərdə tutulub. Göründüyü kimi, Azərbaycanın yeni enerji sazişindən alacağı yalnız bonus Ermənistanın büdcəsinin gəlir hissəsindən çoxdur! Onu da qeyd edək ki, məhz bu kimi faktlara görə Ermənistan və onun havadarları Azərbaycanın atdığı hər uğurlu addımdan təlaşa düşür, Azərbaycanla bağlı ağlasığmayan, iftira dolu, yalan məlumatlar yaymaqla özlərinə təsəlli verməyə çalışırlar. Ancaq təcrübə göstərir ki, bu kimi hərəkətlər Azərbaycan rəhbərliyini seçdiyi yoldan qətiyyən yayındıra bilmir, bilməyəcək də. Prezident İlham Əliyev təmkinli, uzaqgörən və düşünülmüş siyasəti ilə qarşıya çıxarılan bütün maneələri keçir və ölkəni yeni zirvələrə doğru aparır.
İkincisi, SOCAR-ın "AzAÇG" şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək. Bu o deməkdir ki, SOCAR artıq dünyanın ən güclü enerji şirkətləri ilə bərabər əsasda işbirliyindədir. O, podratçı kimi yeni enerji layihəsində iştirak etməklə həm təcrübə qazanır, həm də beynəlxalq miqyasda nüfuzunu daha da artırır. Şübhəsiz ki, bundan sonra SOCAR-ın başqa böyük layihələrdə iştirakı heç kəsi təəccübləndirməməlidir.
Üçüncüsü, "SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək". Bu, çox əhəmiyyətli şərtdir. Çünki hazırkı dönəmdə Azərbaycanın Dövlət Neft Şirkətinin beynəlxalq layihədə payı 2 dəfədən çox artırılır, ölkəyə çatacaq mənfəət səviyyəsi 75% təşkil edir və Azərbaycan faktiki olaraq beynəlxalq enerji layihəsində mövqeyini xeyli möhkəmləndirir.
Deməli, "Yeni əsrin müqaviləsi" Azərbaycana qarşı aparılan çirkin təbliğata da ciddi zərbə vurmaqdadır. Faktlar göstərir ki, Azərbaycanda neft ehtiyatları böyükdür və ən güclü dövlətlərin şirkətləri ölkəmizlə əməkdaşlığa can atırlar. Onlar Azərbaycanın müstəqillik yolunda qətiyyətli addımlar atdığını, demokratikləşməyə, elmi-texnoloji inkişafa ciddi önəm verdiyini birbaşa ifadə edirlər.
Bütün bunların fonunda bir məqamı da xüsusi vurğulamaq yerinə düşərdi. "Əsrin müqaviləsi" imzalandıqdan sonrakı 25 il müddətində həyata keçirilən neft strategiyası sayəsində çox mühüm hadisələr baş verib. 1996-cı ildə dünyanın ən böyük qaz yataqlarından biri olan "Şahdəniz" yatağı üzrə kontrakt imzalanıb. "Çıraq" platformasından ilk neft 1997-ci ildə çıxarılıb. 1998-ci ildə bu neft fəaliyyəti bərpa edilmiş Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixrac edilməyə başlayıb. 1999-cu ildə Qara dənizin digər limanına – Supsaya Bakıdan neft kəməri çəkilib. 2002-ci ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyulub. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri Türkiyənin Ceyhan limanında istifadəyə verilib. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilib. 2012-ci ildə İstanbulda Azərbaycan ilə Türkiyə arasında TANAP layihəsinə imza atılıb. 2013-cü ildə TAP layihəsi Avropaya ixracda əsas qaz kəmərindən biri kimi seçilib. Əsasən, uğurla həyata keçirilən neft strategiyası nəticəsində əldə olunan gəlirlər hesabına Azərbaycan 50 milyard ABŞ dolları həcmində valyuta ehtiyatlarına malikdir və bu faktor beynəlxalq maliyyə böhranları zamanı ölkəmizin iqtisadi təhlükəsizlik dayanıqlı inkişafının təminatçısı kimi çıxış edir.
Beləliklə, "Əsrin müqaviləsi" Azərbaycanın dövlətçilik tarixində mühüm hadisələrdən biridir. O, faktiki olaraq dövlət quruculuğunun yeni mərhələyə qədəm qoymasını ifadə edən faktorlar sırasındadır. Bu prosesin geosiyasi aspektdə çox vacib cəhəti ondan ibarətdir ki, geosiyasi təbəddülatlara məruz qalan regionda sabitlik adası olan Azərbaycan müstəqil dövlət quruculuğunu beynəlxalq aləmdə nüfuzunu sürətlə yüksəltməklə inkişaf etdirir. Artıq ölkənin etibarlı tərəfdaş obrazı formalaşıb. Bütün bu deyilənlərin məntiqi nəticəsini ölkə başçısı nitqində çox lakonik və mükəmməl ifadə edib. Prezident İlham Əliyev vurğulayıb: "Azərbaycan bu gün o ölkələrdəndir ki, öz hesabına yaşayır. Bizim kifayət qədər böyük valyuta ehtiyatlarımız var, iqtisadiyyat dinamik şəkildə inkişaf edir, iqtisadi şaxələndirmə, neft-qaz amilindən asılılığın azaldılması istiqamətində çox önəmli addımlar atılmışdır və ölkəmizin gələcək inkişafı üçün nə siyasi, nə iqtisadi, nə hər hansı bir başqa maneə və ya problem yoxdur".
Siyavuş NOVRUZOV
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri,
Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini