Gürcüstanın geniş oxucu kütləsinə malik “geotimes.ge” internet portalı “Əsrin müqaviləsi”nin imzalanmasından 25 il ötür” adlı məqalə dərc edib.
NUHÇIXAN xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə dərc olunan məqalədə müqavilənin ümummilli lider Heydər Əliyevin gərgin əməyi və uzaqgörən siyasəti nəticəsində imzalandığı xüsusi qeyd olunur. Bildirilir ki, “Əsrin müqaviləsi” Azərbaycan tarixində yeni neft strategiyasının şanlı səhifəsidir. Bu müqavilə həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir.
Məqalədə Ümummilli Liderin 2001-ci il 16 avqust tarixli Sərəncamına əsasən, hər il sentyabrın 20-nin Azərbaycanda Neftçilər Günü kimi qeyd olunduğu vurğulanır.
Gürcü dilində nəşr olunan məqalədə sentyabrın 20-də Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 25-ci ildönümünü və Neftçilər Gününün qeyd olunduğu tədbirdə Prezident İlham Əliyevin geniş nitq söylədiyi bildirilir.
Prezident İlham Əliyev çıxışında, həmçinin “Əsrin müqaviləsi”nin Azərbaycan ilə yanaşı, region ölkələrinin, o cümlədən Türkiyə və Gürcüstanın sosial-iqtisadi inkişafında və enerji tranziti ölkəsinə çevrilməsində böyük töhfəsi olduğu xüsusi qeyd edilir.
Məqalənin tam mətni ilə http://geotimes.ge/index.php?m=5&news_id=69423&cat_id=0 linkində tanış olmaq mümkündür.