Şərur rayonunda bu ilin ötən dövründə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 2 min 679, daşınmaz əmlakın icbari sığortası üzrə isə 4 min 163 sığorta müqaviləsi bağlanılıb.
NUHÇIXAN xəbər verir ki, bu faktlar Şərur Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə keçirilən rayonda sığorta işi sahəsində görülən işlər və qarşıda duran vəzifələrlə bağlı tədbirdə səsləndirilib.
Tədbirdə Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov çıxış edərək rayonda sığorta sahəsində görülən işlərdən danışıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov muxtar respublikanın müasir iqtisadi və sosial inkişafında sığortanın əhəmiyyətindən bəhs edib. Vurğulayıb ki, sığorta fəaliyyətinin müasir tələblərə uyğun şəkildə qurulması sahəsində 2011-ci il noyabrın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Muxtar respublikada sığorta fəaliyyəti və qarşıda duran vəzifələr barədə” keçirilən müşavirədə verilən tapşırıqlar xüsusilə əhəmiyyətli olub.
Bildirilib ki, sığorta işinin genişləndirilməsi məqsədilə muxtar respublikada həyata keçirilən tədbirlər nəticəsində vətəndaşların vaxtında sığortalanması təmin olunub. Sığorta hadisələri baş verdiyi zaman insanların sağlamlığına, daşınmaz əmlakına, habelə avtomobillərə və kənd təsərrüfatı məhsullarına dəymiş maddi zərərlərə görə ödənişlər verilir, bunun vasitəsilə də zərərlərin nəticələri qısa müddətdə aradan qaldırılır. Diqqətə çatdırılıb ki, hər bir vətəndaşın rifahının təmin edilməsi üçün ölkəmizdə qüvvədə olan mövcud qanunlara əsasən gözlənilməz hadisələrdən sığorta təmin olunmalıdır. Bu istiqamətdə işlərin daha da genişləndirilməsinin vacib olduğunu bir daha qeyd edən baş direktor bildirib ki, Şərur rayonunda da sığorta fəaliyyətinin genişləndirilməsi üzrə müəyyən işlər görülüb.
Baş direktor Şərur rayonunda icbari və könüllü sığorta növləri üzrə görülən işləri təhlil edərək qarşıda duran vəzifələrdən də danışıb. Vurğulayıb ki, ölkəmizdə qüvvədə olan qanuna əsasən icbari qaydada sığortanın şamil olunduğu bütün obyektlərin sığortası tam şəkildə təmin edilməlidir.
Tədbirdə könüllü sığortaların, o cümlədən kənd təsərrüfatı sığortasının da əhəmiyyətinə toxunulub. Bu barədə də söz açan baş direktor bildirib ki, böyük aqrar potensialı olan Şərur rayonunda kənd təsərrüfatı sahəsində aparılan sığorta işi burada fəaliyyət göstərən torpaq mülkiyyətçilərinin və fermerlərin istehsal etdikləri məhsullara dəyə biləcək zərərlərin əvəzinin ödənilməsinə təminat verir. Buna görə də əkin sahələrinin, meyvə bağlarının, heyvanların sığortalanması məqsədilə fermer və torpaq mülkiyyətçiləri arasında maarifləndirici işlər genişləndirilməlidir.
Sonra Şərur Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin rəisi Zamiq Məmmədov, rayon Dövlət Yol Polisi Bölməsinin rəisi, polis kapitanı Ədalət Şükürov sığorta sahəsində görülən işlər barədə məlumat veriblər.