“Azerspace-2” telekommunikasiya peykinin orbitə buraxılmasından 1 il ötür

A- A A+

Bu gün Azərbaycan Respublikasının üçüncü peyki – “Azerspace-2” peykinin orbitə buraxılmasından 1 il keçir.

“Azərkosmos” ASC-dən NUHÇIXAN-a bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ərsəyə gələn “Azerspace-2” telekommunikasiya peyki ötən il sentyabrın 26-da Fransız Qvianasında yerləşən kosmodromdan – Qviana Kosmik Mərkəzindən uğurla orbitə buraxılıb.

Növbəti aylar ərzində peyk yekun orbital mövqeyə çatdırılıb və testləri uğurla icra olunub. Bu ilin yanvarında peykin idarəedilməsi tam olaraq “Azərkosmos”a təhvil verilib və peyk fevraldan kommersiya fəaliyyətinə başlayıb.

“Azerspace-2” peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edir. Peyk qeyd olunan regionlarda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edir.

“Azerspace-2” peykinin resursları “Azərkosmos”a yeni müştərilərə xidmət göstərmək imkanı yaratdı. Bunlardan Fransanın “EUTELSAT S.A.” şirkəti və Amerika Birləşmiş Ştatlarının peyk xidmətləri üzrə aparıcı şirkəti olan “Intelsat” şirkətinin adları xüsusi qeyd olunmalıdır. Hazırda “Azerspace-2” peyki vasitəsilə Afrika regionunda 80-dən çox şifrəli kanal yayımlanır.

Yeddi aylıq kommersiya fəaliyyəti ərzində “Azerspace-2”nin tutumlarının 80 faizi ödənişli əsaslarla istismar olunub. Peykdən bu dövr ərzində 14,1 milyon ABŞ dolları həcmində gəlir əldə edilib.

“Azerspace-2” peykinin uğurlu biznes fəaliyyəti sayəsində “Azərkosmos” regional peyk xidmətləri bazarında etibarlı tərəfdaş mövqeyini daha da möhkəmləndirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: