NUHÇIXAN xəbər verir ki, sentyabrın 30-da Bakı Biznes Mərkəzində Azərbaycan-Koreya biznes forumu keçirilib.
Forum İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə baş tutub.
Biznes Forumda rəsmi şəxslərlə yanaşı, hər iki ölkədən qida sənayesi, kimya, tekstil, kosmetik məhsullar və digər sahələrdə fəaliyyət göstərən 100-dək sahibkar iştirak edib. Forumda muxtar respublikada fəaliyyət göstərən “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının, “Cahan Holdinq” Kommersiya Şirkətlərinin İttifaqının, “Ləzzət Qida Sənaye” MMC-nin, Babək “Sirab” ASC-nin, “Dekor Qrup” MMC-nin Bakı nümayəndələri də iştirak ediblər.
Tədbirdə yerli sahibkarlıq subyektlərinin nümayəndələri ilə xarici tərəfdaşlar arasında əməkdaşlıq imkanları müzakirə olunub. “Cahan Holdinq” Kommersiya Şirkətlərinin İttifaqı Koreya Respublikasının bir neçə şirkəti ilə xammal materiallarının alqı-satqısı ilə bağlı bir daha görüş keçirilməsinə dair ilkin razılıq da əldə edib.