Naxçıvanda dəmiryolu nəqliyyatı inkişaf etdirilir - FOTOLAR

A- A A+

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 oktyabr 2005-ci il tarixli Sərəncamı ilə hər il oktyabrın 13-ü ölkəmizdə dəmiryolçuların peşə bayramı kimi qeyd edilir. 

Dəmiryolu təsərrüfatının sürətli inkişafı dövrü ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərə təsadüf edir. O dövrdə ümummilli liderimizin şəxsi təşəbbüsü ilə dəmir yolu nəqliyyatında əsaslı dəyişikliklərə başlandı. Dahi rəhbərin dəmir yoluna verdiyi böyük əhəmiyyət, onun inkişafına göstərdiyi qayğı qısa zamanda öz bəhrəsini vermiş, yeni stansiyalar və vağzal binaları inşa olunmuşdu. Əgər 1969-cu ilə qədər dəmir yolunda 159 stansiya var idisə, qısa müddətdə onların sayı 176-a çatmışdı. Bu dövrdə çəkilmiş yeni dəmir yolu xətlərinin uzunluğu 482,8 kilometrə, elektrikləşdirilmiş sahənin uzunluğu isə 1284 kilometrə çatdırılmışdır.

O illərdə Naxçıvan Muxtar Respublikasında da dəmiryolunun müasirləşdirilməsi diqqətdə saxlanılmış, artan yük və  sərnişin  daşınmasına  olan tələbatı  təmin etmək, nəqliyyat xidmətini  təşkil etmək məqsədilə 1976-cı ildə  dəmir yollarının  Naxçıvan Hissəsinin mərkəzi aparatı İmişli stansiyasından Naxçıvan şəhərinə  köçürülmüşdür. 1988-ci ildə isə Culfa-Şərur  sahəsinin  elektrikləşdirilməsi  yük və sərnişin   daşınmasında elektrovoz  dartısından istifadəyə imkan yaratmışdır.

Ötən  əsrin 90-cı illərində  baş verən hadisələr, xüsusilə  də erməni hərbi  birləşmələri tərəfindən Azərbaycan ərazilərinin  20 faizinin  işğal  edilməsi dəmir  yoluna  da ciddi ziyan vurmuşdur. Belə ki, 240 kilometrdən artıq dəmir yolu  xətti erməni təcavüzünə məruz qalmışdır. Mehri-Kərçivan sahəsində  qatarların  hərəkətinin dayandırılması nəticəsində Naxçıvan Muxtar Respublikası ölkənin əsas ərazisindən təcrid edilərək blokadaya düşmüş və dəmiryolu əlaqəsi kəsilmişdir.

1990-1993-cü illərdə muxtar respublikada yaşayıb fəaliyyət göstərən ulu öndər dəmir yolu infrastrukturunun dağılmasının qarşısını almış, daxili yük və sərnişin daşımasında dəmir yolu nəqliyyatından istifadə olunmuşdur.

Ümummilli liderin ikinci dəfə Azərbaycanda siyasi  hakimiyyətə  qayıdışından sonra iqtisadiyyatın bütün sahələrində olduğu  kimi dəmir yol nəqliyyatı  da özünün  yeni inkişaf  mərhələsinə qədəm  qoymuşdur. Dəmiryolu nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi konsepsiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən intensiv  şəkildə həyata keçirilir. Bu qayğıdan muxtar respublikanın dəmiryol təsərrüfatına da xeyli pay düşmüşdür. Son illər Naxçıvan, Şərur, Şahtaxtı, Culfa, Ordubad sərnişin vağzalı binalarında, Dəstə, Yaycı, Culfa, Dərəşam, Nehrəm, Qarabörk, Naxçıvan, Şahtaxtı, Qıvraq, Şərur, Vəlidağ stansiyalarının İdaretmə Mərkəzlərində, Məhdud Məsuliyyətli Cəmiyyətin inzibati binasında, əlavə olaraq 20-yə yaxın inzibati və yardımçı binada əsaslı yenidənqurma və təmir işləri aparılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 16 mart tarixli sərəncamı  ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2011-2015-ci illər üzrə İnkişaf Proqramı” muxtar  respublikada  dəmir yolu nəqliyyatının inkişafına təkan vermişdir. İnkişaf Proqramına uyğun olaraq, mühüm dəmiryol qovşağı olan Culfa stansiyasında Yük və Sərnişin Daşımaları İdarəsinin inzibati binası, Culfa Lokomotiv Deposu, Lokomotiv Briqadalarının İdarəedilməsi Mərkəzi və Radio-Rabitə sexi binası əsaslı təmir edilərək istifadəyə verilmişdir. 2014-cü ildə isə İnfrastruktur İdarəsinin inzibati binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilmiş, Naxçıvan, Qarğalıq və Qıvraq dartı yarımstansiyalarında aparılan əsaslı təmir işləri başa çatdrılmışdır.

Dəmiryolu nəqliyyatı sisteminin idarə olunmasında ixtisaslı kadrların hazırlanmasına xüsusi diqqət yetirilir. Naxçıvan Dövlər Universitetində və Naxçıvan Dövlət Texniki Kollecində müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr üçün müasir əyani dərs vəsaitləri ilə təmin olunan auditoriyalar istifadəyə verilmişdir. Dəmiryolçu peşəsinin sirlərinin dərindən öyrənilməsi, praktik biliklərin artırılması və kadrların hazırlanması məqsədilə hər il tələbələr dəmir yolunun ayrı-ayrı strukturlarında istehsalat və diplom praktikası keçirlər. Hazırda universiteti və kolleci bitirmiş 21 məzun dəmir yolunun bölmələrində müvafiq vəzifələrdə çalışırlar.

2016-cı ilin fevralın 23-də Tehran şəhərində “Azərbaycan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında Azərbaycan  və İran dəmir yollarının əlaqələndirilməsi haqqında” Saziş imzalanmışdır. İmzalanan sazişə əsasən 2017-ci il dekabr ayının 29-da Naxçıvan-Təbriz-Tehran-Məşhəd qatarı fəaliyyətə başlamışdır. Bununla əlaqədar Bakı şəhərindən 3 yeni sərnişin vaqonu gətirilmişdir. Naxçıvan və Culfa stansiyalarında sərnişinlərin gömrük və sərhəd buraxılışı qeydiyyatının asanlaşdırılması məqsədilə yeni müasir avadanlıqlar alınaraq quraşdırılmış, stansiyalarda əlavə olaraq miqrasiya və viza xidmətləri yaradılmışdır. Hazırda Bakı-Tbilisi-Qars dəmir yolunun Naxçıvan-Culfa-Təbriz dəmir yolu xəttinə birləşdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Həmçinin İran-İslam Respublikası ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikasına gətirilən və aparılan yüklərin daha ucuz qiymətə daşınması və səmərəli nəqliyyat marşrutları təmin edilmişdir. Belə ki, Saraks üzərindən Orta Asiyaya və Bəndər-Abbas limanına marşrutlar işlənmiş, yükdaşıma tariflərinə güzəştlər olmuşdur.

Muxtar respublikamızda aparılan tikinti-quruculuq işlərinin geniş vüsət alması “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin tabeliyindəki obyektlərin də simasını xeyli dəyişib. Bu tədbirlərin davamı olaraq 2018-ci il aprelin 2-də Ordubad dəmir yol sərnişin vağzalı və Yol Sahəsinin inzibati binaları, Ordubad İdarəetmə Mərkəzi və Yol Sahəsinin yardımçı binaları, yük anbarı, sərnişin və yük platformaları kompleks tikinti, yenidənqurma və əsaslı təmir işlərindən sonra istifadəyə verilmişdir. Bakı şəhərindən Avropa istehsalı olan 8 yeni oturacaq tipli sərnişin vaqonu alınıb gətirilmişdir. Həmçinin ötən il Texniki İnzibati Binaların Təmir Tikinti İdarəsi tərəfindən Aza, Gülüstan və Naxçıvançay Təhlükəsizlik Komandaları inzibati binalarında, eləcə də Dəstə İdarəetmə Mərkəzi binasında aparılan əsaslı təmir işləri yüksək səviyyədə başa çatdırılmışdır.

Bu il xidmət ərazidə zəruri infrastrukturların yaradılması və maddi-texniki təlimatın yaxşılaşdırılması məqsədilə Ordubad-Culfa sahəsində  hərəkət  edən  yük-sərnişin  qatarlarında  dartı vasitəsi kimi istifadə olunması  məqsədilə  1 ədəd ÇME-3 seriyalı 6069 saylı yeni manevr  teplovozu Gürcüstan və Türkiyə  üzərindən  keçməklə  iyunun 12-də muxtar respublikaya gətirilmişdir. Yaradılan şəraitin nəticəsidir ki, cari ilin ötən 9 ayında muxtar respublikada dəmir yolu nəqliyyatından  121 min 106 sərnişin istifadə etmiş, 255 min 377 ton yük daşınmışdır.

Peşə bayramını qeyd edən dəmiryolçular bundan sonra da öz işlərini günün tələbləri səviyyəsində quracaq, yükdaşıma ehtiyacını ödəməklə, sərnişinlərə yüksək səviyyədə nəqliyyat xidməti göstərəcək və muxtar respublikanın sosial-iqtisadi inkişafına öz töhfələrini verəcəklər.

 

“Naxçıvan Dəmir Yolları”

Məhdud Məsuliyyətli Cəmiyyətinin

mətbuat xidməti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: