Parisdə Azərbaycan-Fransa regionlararası əməkdaşlığın inkişaf etdirilməsi üzrə İdarəetmə Komitəsinin ilk iclası keçirilib
Ölkəmizin Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində Azərbaycan-Fransa regionlararası əməkdaşlığın inkişaf etdirilməsi üzrə İdarəetmə Komitəsinin birinci iclası keçirilib.
NUHÇIXAN xəbər verir ki, iclasda səfir Rəhman Mustafayev, İdarəetmə Komitəsinin həmsədrləri Azərbaycan İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov və Fransa Avropa və Xarici İşlər Nazirliyi nəzdində regionlararası beynəlxalq əlaqələr üzrə rəhbər Kristin Moro, Fransanın ölkəmizdəki səfiri Zakari Qros, hər iki ölkənin diplomatları, qardaşlaşmış şəhərlərin mer və mer müavinləri iştirak ediblər.
Səfir R.Mustafayev Azərbaycan-Fransa regionlararası əməkdaşlığın inkişaf etdirilməsi üzrə İdarəetmə Komitəsinin ilk iclasında iki ölkə arasında iqtisadi əlaqələrə toxunaraq, qardaşlaşmış şəhərlər, onların fəaliyyəti haqqında danışıb. Regionlararası münasibətlərin inkişafını müsbət qiymətləndirsə də, mövcud potensialdan tam istifadə olunmadığını diqqətə çatdırıb.
İqtisadiyyat nazirinin müavini R.Məmmədov iki ölkə arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti haqqında məlumat verərək ölkəmizdə qeydiyyatdan keçmiş fransız şirkətlərindən, qarşılıqlı sərmayələrdən danışıb. İki ölkə arasında əməkdaşlığın möhkəm müqavilə-hüquq bazası olduğunu bildirib. Qeyd edib ki, tərəflərin beynəlxalq öhdəliklərinə, eləcə də milli qanunvericiliklərinə riayət olunması əməkdaşlığın əsas özəyidir.
Fransa Avropa və Xarici İşlər Nazirliyi nəzdində regionlararası beynəlxalq əlaqələr üzrə rəhbər K.Moro bildirib ki, regionlararası əməkdaşlıq iki ölkə arasındakı münasibətlərin inkişafına töhfə verir. O, regionlararası əməkdaşlığın genişləndirilməsi üçün ölkəsindəki imkanlardan söz açıb, Fransa şəhərlərinin Azərbaycan şəhərləri ilə qardaşlaşmaya hazır olduğunu vurğulayıb.
İdarəetmə Komitəsinin ilk iclasında Azərbaycanın geniş nümayəndə heyətinin iştirakının regionlararası əməkdaşlığa hər iki ölkənin qarşılıqlı marağını əks etdirdiyi vurğulanıb. Hər iki səfirliyin ikitərəfli əməkdaşlığa töhfələri yüksək qiymətləndirilib. Bununla belə regionlararası əməkdaşlığın fəallaşdırılmasının İdarəetmə Komitəsinin rolunun əhəmiyyəti qeyd olunub.
İclasda Naxçıvan, onun tarixi, fransızlarla birgə həyata keçirilən layihələr, əməkdaşlıq imkanları, Azərbaycan brendi olan "ASAN xidmət", ölkəmizin turizm imkanları haqqında geniş məlumat verilib. Hər iki ölkənin regionlarının nümayəndələri əməkdaşlıq üçün regionlarındakı mövcud vəziyyəti təqdim ediblər.
Mürəkkəb regionda yerləşməsinə baxmayaraq, ölkəmizdəki stabillik, xarici sərmayələr üçün münbit şərait Azərbaycanı sərmayə yatırımı üçün cəlbedici ölkəyə çevirib.
Azərbaycan-Fransa regionlararası əməkdaşlığın inkişaf etdirilməsi üzrə İdarəetmə Komitəsinin növbəti iclasının Fransa şəhərləri ilə qardaşlaşmış Azərbaycan şəhərlərindən birində keçirilməsi təklif edilib.