Oktyabrın 22-də Gürcüstanın paytaxtında “Üçüncü Tbilisi İpək Yolu Beynəlxalq Forum”u keçirilir. İki gün davam edəcək konfransda 60 ölkədən 1000-dən çox nümayəndə iştirak edir.
NUHÇIXAN xəbər verir ki, tədbirdə Azərbaycanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəisi Rauf Vəliyev və digər rəsmi şəxslər təmsil edirlər.
Tədbiri Gürcüstanın Baş Naziri Giorgi Qaxariya açaraq ölkəsinin iqtisadi inkişafı, beynəlxalq layihələrdə iştirakı, investisiya imkanları barədə danışıb. O, Gürcüstanın tarixi İpək Yoluna böyük önəm verdiyini bildirib.
Sonra Nyu-York Universiteti nəzdində fəaliyyət göstərən Stern Biznes Məktəbinin iqtisadiyyat üzrə professoru Nuriel Rubin əsas məruzə ilə çıxış edib.
Konfransda böyük İpək Yolunun inkişafı, regional təhlükəsizlik, iqtisadi, enerji, infrastruktur layihələri, logistika və regional əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılacaq. Tədbirdə, həmçinin həyata keçirilən iri regional neft-qaz layihələri, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu diqqət mərkəzində olacaq.
Çıxışlardan sonra forum işini panel iclaslarla davam etdirəcək. Azərbaycan nümayəndə heyətinin üzvləri panel iclaslarda çıxış edəcək, ölkəmizin iqtisadi potensialı, inkişaf perspektivləri və tarixi İpək Yoluna verdiyi önəm barədə məlumat verəcəklər.