Muxtar respublikada sənaye, tikinti-quruculuq və su təchizatı tədbirləri uğurla davam edir - FOTOLAR
Muxtar respublikada son illər həyata keçirilən uğurlu iqtisadi siyasət sənayeləşmə prosesini daha da sürətləndirilib, rəqabətədavamlı və ixracyönümlü məhsullar istehsal edən yeni müəssisələr yaradılıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, 2019-cu ilin yanvar-sentyabr aylarında muxtar respublikada 819 milyon 911 min 600 manat dəyərində sənaye məhsulu istehsal olunub ki, bu da bir il öncəki göstəricini 1,3 faiz üstələyib.
Sənaye məhsulu istehsalının 96,2 faizi malların, 3,8 faizi isə xidmətlərin payına düşüb. İstehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 94,5 faiz təşkil edib ki, bu da ölkənin digər iqtisadi rayonları ilə müqayisədə ən yüksək göstəricidir.
2019-cu ilin yanvar-sentyabr aylarında muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 37 layihə üzrə istehsal və xidmət obyektləri yaradılıb, 55 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması davam etdirilir.
Sənayenin inkişafı məqsədilə bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə bəhs olunan dövrdə 7 milyon 171 min 500 manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 38,7 faiz çoxdur.
Ölkə Prezidentinin 2019-cu il 13 sentyabr tarixli Fərmanına əsasən Şərur rayonunda Şərur Sənaye Məhəlləsinin yaradılması və bu məqsədlə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə ilkin olaraq 5 milyon manat vəsaitin ayrılması sənayenin inkişafına yeni imkanlar yaradacaqdır.
Sənayedə istehsalın həcminin artması nəticəsində 2019-cu ilin 9 ayında 221 milyon 431 min 900 ABŞ dolları dəyərində sənaye məhsulları ixrac olunub.
Ümumi inkişafın təmin edilməsində vəsait qoyuluşları mühüm rol oynayır. Bu istiqamətdə muxtar respublikada 2019-cu ilin yanvar-sentyabr aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 790 milyon 838 min 900 manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 1,4 faiz çoxdur. Bu göstərici ölkənin digər iqtisadi rayonları ilə müqayisədə Naxçıvan Muxtar Respublikasında əsas kapitala vəsait qoyuluşlarının həcminin daha çox olduğunu deməyə əsas verir.
Vəsait qoyuluşlarının 750 milyon 164 min 700 manatı və ya 94,9 faizi tikinti-quraşdırma işlərində istifadə edilmişdir ki, bu da bir il öncəki göstəricidən 3,1 faiz çoxdur.
Bəhs olunan dövrdə muxtar respublikada 136 müxtəlif təyinatlı obyekt tikilmiş, yenidən qurulmuş və ya əsaslı təmir olunmuş, 194 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilir.
Yaşayış məntəqələrinin abadlaşdırılması, səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi tədbirlərinə uyğun olaraq 2019-cu ilin ötən dövründə 4 kənd mərkəzi istifadəyə verilmiş, 9 kənd mərkəzinin inşası davam etdirilir. Bundan əlavə, yaşayış məntəqələri 500 ədəd məişət tullantıları konteynerləri ilə təmin edilib.
Muxtar respublikada 2 yaşayış binasının tikintisi, 7 yaşayış binasının yenidən qurulması başa çatdırılmış, 5 yaşayış binasının tikintisi, 5 yaşayış binasının yenidən qurulması davam etdirilir. Bundan əlavə, Naxçıvan şəhərində “Gənclər Yaşayış Kompleksi”nin tikintisi davam etdirilir.
Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərib. 2019-cu ilin yanvar-sentyabr aylarında muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 370 min 127 kvadratmetr yaşayış sahəsi istifadəyə verilib. Bu da bir il öncəki göstəricidən çoxdur. Əhalinin şəxsi vəsaiti hesabına istifadəyə verilmiş yaşayış sahələri də daxil olmaqla, ümumilikdə, cari ilin ötən dövründə ölkənin iqtisadi rayonlarında istifadəyə verilmiş ümumi yaşayış sahələrinin 30 faizdən çoxu muxtar respublikada qeydə alınmışdır ki, bu da dövlətin əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirləri ifadə edən mühüm göstəricidir.
Cari ilin ötən dövründə Babək, Ordubad, Kəngərli və Sədərək rayon mərkəzlərində və ətraf kəndlərdə içməli su təchizatı və kanalizasiya sistemlərinin, Şərur rayonunda sutəmizləyici qurğunun, Zeyvə və Düdəngə kəndlərində içməli su şəbəkəsinin tikintisi davam etdirilib.