Muxtar respublikada iqtisadiyyatın şaxələndirilməsi və sosial sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər bu ilin yanvar-sentyabr aylarında da davam etdirilib, yüksək nəticələr qazanılıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, inkişafı xarakterizə edən əsas göstərici kimi bəhs olunan dövrdə ümumi daxili məhsul istehsalı (ÜDM) 2 milyard 61 milyon 771 min manat olub. Bu da bir il öncəki göstəricidən 1,5 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,1 faiz artaraq 4508 manatı ötüb. ÜDM-in tərkibində ilk yeri 27,8 faizlik payla sənaye sahəsi tutub və maddi istehsalın payı 56,4 faiz təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-sentyabr aylarında sənaye məhsulu 1,3 faiz, əsas kapitala yönəldilən vəsaitlər 1,4 faiz, kənd təsərrüfatı məhsulu 4,1 faiz, nəqliyyat sektorunda yük daşınması 2,4 faiz, informasiya və rabitə xidmətləri 2,7 faiz artıb.