Bakı yarım əsrlik fasilədən sonra yenidən Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək - FOTOLAR
Oktyabrın 25-də ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhəri 2022-ci ildə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququnu qazanıb.
NUHÇIXAN xəbər verir ki, bu mötəbər tədbirə ev sahibliyi etməyə namizəd olan şəhərlər arasında Sinqapur, Rio-de-Janeyro və Nyu-Dehli şəhərləri də olub.
ABŞ-ın vitse-prezidenti Maykl Pensin giriş sözü ilə açdığı və Aya enişin 50-ci ildönümünə həsr olunmuş builki konqresdə zamanı daha effektiv, kommersiya baxımından daha sərfəli və sürətli həllər təklif edən “NewSpace” (Yeni Kosmos) sektorundan olan özəl şirkətlərin kosmik sənayedə əhəmiyyəti və bazar payının ildən-ilə artdığı xüsusi vurğulanıb. Bu sektorun parlaq nümayəndələri olan Elon Musk və Ceff Bezos kimi simaların konqresdə iştirakı dünya ictimaiyyətinin tədbirə olan marağını daha da artırıb. Həmçinin, konqresin maraqlı məqamların biri “Blue origin” kosmik şirkətinin təsisçisi Ceff Bezosa Beynəlxalq Astronavtika Konqresinin “Sənayedə Üstünlük Mükafatı”nın təqdimat mərasimi olub.
Azərbaycan builki Beynəlxalq Astronavtika Konqresində geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunub. Konqresdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycan hökuməti adından konqres iştirakçılarını salamlayıb və Beynəlxalq Astronavtika Konqresinin əməkdaşlıq üçün vacib platform olduğunu bildirib. Azərbaycan Respublikası Kosmik Məsələlər üzrə Şurasının elmi məsləhətçisi, fizika-riyaziyyat elmləri doktoru, akademik Roald Saqdeyev Azərbaycanın “Kosmik Proqramı”ndan bəhs edib və 2022-ci ildə keçiriləcək konqresə Bakının layiqli namizəd olduğunu vurğulayıb.
Eyni zamanda ölkəmizin altı ali təhsil müəssisəsinin – Milli Aviasiya Akademiyası, Bakı Dövlət Universiteti, ADA Universiteti, Bakı Ali Neft Məktəbi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialı və Azərbaycan-Fransız Universitetinin istedadı və fəallığı ilə seçilən tələbələri də Beynəlxalq Astronavtika Konqresində “gənc səfirlər” qismində iştirak ediblər. Tələbələrin bu kimi konfranslarda iştirakı onların kosmik sahənin yenilikləri ilə yaxından tanış olması, gələcəkdə Azərbaycanın kosmik sənayesinə öz töhfələrini verməsi və bu sahəyə marağın daha da artması baxımından olduqca əhəmiyyətli rol oynayır.
Konqres ölkəmizin tarixi-mədəni ənənələrini, multikultural dəyərlərini və turizm potensialını dünyaya nümayiş etdirməklə bərabər, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından da böyük əhəmiyyət daşıyır.
Bakı şəhərinin 2022-ci ildə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququnu qazanması ilə əlaqədar çıxış edən “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev Azərbaycanın namizədliyini dəstəkləyən Beynəlxalq Astronavtika Federasiyasının üzv qurumlarına və büro üzvlərinə dərin minnətdarlığını bildirib. O həmçinin, uğurlu tədbir keçirdiyinə görə Amerika Aeronavtika və Astronavtika İnstitutu rəhbərliyini təbrik edib.
Qeyd edək ki, Prezident İlham Əliyevin ölkəmizdə kosmik sənayenin inkişafına göstərdiyi xüsusi diqqət və qayğı, seçkiqabağı prosesə verdiyi dəstək sayəsində bu il ərzində Beynəlxalq Astronavtika Federasiyasının tədbirləri zamanı aktiv təbliğat-təşviqat kampaniyası aparılıb. Konqresin “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusunda paytaxtımızda keçirilməsi kosmik sahədən olan xarici agentlik, şirkət və təşkilatlarla daha sıx əlaqələrin qurulması, ölkəmizə kosmik texnologiyaların transferi prosesinin sürətləndirilməsi, insan kapitalının inkişafı, eləcə də ölkəmizin beynəlxalq arenada etibarlı tərəfdaş nüfuzunun daha da möhkəmlənməsinə əhəmiyyətli töhfə verəcək. Ölkəmiz ilk dəfə kosmik sahədə fəaliyyət göstərən 6 mindən çox nümayəndəni bir araya toplayan qlobal konqresə ev sahibliyi edəcək.
Bu tədbirin Azərbaycanda keçirilməsinin daha dərin tarixi var. Beynəlxalq Astronavtika Konqresi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ilin oktyabrın 7-dən 13-dək keçmiş Sovet İttifaqında yalnız bir dəfə və məhz Bakı şəhərində keçirilib. Həmin tədbirdə dünyanın 17 ölkəsindən gəlmiş 1500-dən çox nümayəndə, eləcə də kosmonavtlar iştirak edib. Konqresdə Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Luici Gerardo Napolitano, Beynəlxalq Astronavtika Akademiyasının prezidenti Çarlz Stark Draper, amerikalı astronavt Tomas Stafford, iki dəfə Sovet İttifaqı Qəhramanı adını almış kosmonavtlar Vladimir Şatalov, Vitali Sevastyanov, Georgi Bereqovoy və həmin dövrün kosmik sahədə fəaliyyət göstərən bir çox tanınmış simaları iştirak edib, kosmosun elmi və ümumbəşəri əhəmiyyəti barədə bəyanatlar veriblər.
“Kosmik tədqiqatlar – elm və texnikaya nüfuz” devizi altında Bakıda keçirilən bu konqres Azərbaycanın kosmonavtika tarixinin təməlini qoyub. Belə ki, növbəti ilin avqustunda Bakıda kosmik texnika vasitələrindən istifadə etməklə təbii ehtiyatların tədqiqi üzrə “Kaspi” Elmi Mərkəzi yaradılıb, həmin ilin dekabrında isə Azərbaycan Elmlər Akademiyasının nəzdində “Kosmik cihazqayırma xüsusi konstruktor bürosu”nun fəaliyyəti ilə kosmik tədqiqatların aparılmasına əsaslı start verilib. Növbəti illər ərzində 3 minə yaxın azərbaycanlı alim və mühəndisin əməyi nəticəsində ərsəyə gələn avadanlıqlar Sovet Kosmik Poqramına xidmət edib, “Salyut 7” və “Soyuz T-11” orbital komplekslərində istifadə olunub.
Azərbaycanın müasir kosmik sənayesinin inkişafının keyfiyyətcə ikinci mərhələsinə Prezident İlham Əliyevin 2008-ci ilin 4 noyabr tarixində Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında imzaladığı Sərəncamı ilə start verilib. 2013-cü ildə “Azerspace-1” telekommunikasiya peyki, 2014-ci ildə “Azersky” Yerin məsafədən müşahidəsi peyki, 2018-ci ildə isə “Azerspace-2” telekommunikasiya peyki orbitə çıxarılıb. Bu gün Azərbaycan peyk layihələri ilə kosmik klubun aktiv üzvüdür.
Bakı şəhərinin namizədliyinin uğur qazanmasında bir sıra qurumların, ələlxüsus, Xarici İşlər Nazirliyi, Dövlət Turizm Agentliyi və Azərbaycan Konqres Bürosu, Heydər Əliyev Mərkəzi və Bakı Konqres Mərkəzinin məsuliyyətli və gərgin əməyinin xüsusi payı vardır. Namizədliyinin elan edildiyi ilk gündən etibarən aparılan uğurlu təbliğat işi, şəhərimizin turizm və təşkilatçılıq imkanlarının peşəkar şəkildə təqdimatı yekunda Bakının digər namizəd şəhərlər üzərində qələbəsi ilə nəticələnib.
Xatırladaq ki, 68 ölkəni təmsil edən 398 təşkilatın üzv olduğu federasiya kosmik sahədə fəaliyyət göstərən ən mötəbər beynəlxalq təşkilatdır. 1950-ci ildən bəri fərqli ölkələrdə keçirilən Beynəlxalq Astronavtika Konqresi təşkilatın əsas tədbiridir. Bu konqres dünyanın kosmik sahədə aparıcı agentlikləri, elm mərkəzləri və beynəlxalq təşkilatlarının rəhbərləri, eləcə də məşhur alimlər, özəl sektordan olan yüksək səviyyəli peşəkarlar, gənc tədqiqatçılar və tələbələr də daxil olmaqla dünya kosmos ictimaiyyətinin 6 mindən çox nümayəndəsini bir araya gətirən qlobal platformadır. Konqres zamanı iştirakçılar kosmos sahəsinə aid aktual trendləri və ən son innovasiyaları izləmək fürsəti əldə edir.