Naxçıvanda doqquz ayda 2 milyard 61 milyon 770 min manatlıq ümumi daxili məhsul istehsal olunub - FOTOLAR

A- A A+

Bu ilin yanvar-sentyabr aylarında muxtar respublikada 2 milyard 61 milyon 770 min 900 manatlıq ümumi daxili məhsul istehsal edilib ki, bu da 2009-cu ilin müvafiq dövründəki göstəricidən 3,2 dəfə çoxdur.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, 2019-cu ilin yanvar-sentyabr aylarında ümumi daxili məhsulun 56,4 faizi və ya 1 milyard 162 milyon 516 min 200 manatı məhsul istehsalından, 41,7 faizi və ya 860 milyon 577 min 500 manatı xidmətlərin istehsalından, 1,9 faizi və ya 38 milyon 677 min 200 manatı isə məhsula və idxala xalis vergilərdən yaranıb. 2009-cu ilin müvafiq dövründə ümumi daxili məhsulun 50,4 faizi məhsul istehsalından, 44,6 faizi xidmətlərin istehsalından, 5 faizi isə məhsula və idxala xalis vergilərdən yaranıb. 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə məhsul istehsalının artımı sənaye, kənd təsərrüfatı və tikinti sahələrində həyata keçirilən effektiv tədbirlər nəticəsində əldə edilib.

2009-cu ilin müvafiq dövründə ümumi daxili məhsulun tərkibində topdan və pərakəndə ticarət sahəsi ilk yerdə təmsil olunurdusa, 2019-cu ilin ötən dövründə sənayenin payı daha çox olub. Sənayenin ümumi daxili məhsulun tərkibində ilk yerdə təmsil olunması muxtar respublika iqtisadiyyatının istehsal potensialının yüksəldiyini göstərən mühüm göstəricidir.

Sənayenin artımı ilə yanaşı, bu dövrdə daxili bazarın tənzimlənməsində mühüm sahə olan kənd təsərrüfatının inkişafı da diqqətdə saxlanılıb, məhsul istehsalının həcmi 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə artıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı tədbirlər haqqında” 2017-ci il 22 noyabr tarixli və 2019-cu il 18 yanvar tarixli sərəncamlarının icrası, 2019-cu ilin “Ailə təsərrüfatları ili” elan olunması, ailə təsərrüfatlarının inkişafı istiqamətində həyata keçirilən digər tədbirlər iqtisadiyyatın, xüsusilə də aqrar sektorun inkişafına yeni imkanlar yaradır.

İnfrastruktur quruculuğu tədbirləri, yeni istehsal və xidmət sahələrinin yaradılması nəticəsində 2019-cu ilin yanvar-sentyabr aylarında əsas kapitala vəsait qoyuluşu 2009-cu ilin müvafiq dövründəki göstəricini 2,6 dəfə üstələyərək 790 milyon 838 min 900 manat olub. Ümumilikdə, 2010-cu ildən 1 oktyabr 2019-cu il tarixədək muxtar respublikada bütün sahələrin inkişafına 9 milyard 23 milyon manatdan çox vəsait yönəldilib ki, bunun da 8 milyard 159 milyon manatdan çoxu tikinti-quraşdırma işlərinin payına düşüb.

Muxtar respublikada iqtisadiyyatın hərəkətverici qüvvəsi sayılan sahibkarlığın inkişafı məqsədilə təkcə 2019-cu ilin yanvar-sentyabr aylarında təsərrüfat subyektlərinə 20 milyon 386 min 400 manat dəyərində kreditlər verilib. Kreditlərdən 8 milyon 339 min 500 manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 12 milyon 46 min 900 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunub. Ümumilikdə, 2010-cu ildən 1 oktyabr 2019-cu il tarixədək muxtar respublikada iqtisadi fəaliyyətin bütün sahələrinə 504 milyon manata yaxın kredit qoyuluşu həyata keçirilib.

Artan əhali tələbatına uyğun olaraq 2010-cu ildən 1 oktyabr 2019-cu il tarixədək muxtar respublikada 35 min 449 yeni iş yeri yaradılıb.

Həyata keçirilən tədbirlərin nəticəsi olaraq bu gün muxtar respublikada 383 növdə məhsul istehsal olunur ki, bunun da 126 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.

Sahibkarlığın inkişafı və səmərəli məşğulluq əhali gəlirlərinin artımını təmin etməklə yanaşı, xidmət sektorunun da inkişafına imkan yaradıb. Belə ki, 2009-cu ilin yanvar-sentyabr ayları ilə müqayisədə informasiya və rabitə xidmətləri və nəqliyyat sektorunda yükdaşınması hər iki halda 1,8 dəfə, pərakəndə əmtəə dövriyyəsi 3,9 dəfə, əhaliyə göstərilən ödənişli xidmətlər isə 2,9 dəfə artıb.

Müqayisə olunan dövrdə yerli istehsalın inkişafını xarakterizə edən digər bir göstərici kimi ixrac 4,6 dəfə artıb, idxal isə 23,6 faiz azalıb.

Muxtar respublikada davamlı iqtisadi tərəqqinin təmin edilməsi məqsədilə həyata keçirilən uğurlu siyasət iqtisadi potensialın daha da gücləndirilməsini, əhalinin məşğulluq və sahibkarlıq imkanlarını daha da artırmaqdadır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: