NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə ev sahibliyinə namizəd şəhər olması ilə bağlı təqdimat keçirilib. Vurğulanıb ki, ölkəmizdə bu cür beynəlxalq tədbirlərin keçirilməsi üçün yetərincə təcrübə var.
“Expo 2025” həm də beynəlxalq dəstək və imkanlar verən nüfuzlu bir layihədir. Hazırda Azərbaycan Rusiya və Yaponiya ilə bu layihəyə ev sahibliyi uğrunda rəqabət aparır. Vurğulanıb ki, layihə cəmiyyətin hər bir sahəsinin insan intellektindən faydalanmasına, əldə olunan biliklərin tətbiqinin öyrənilməsinə əlverişli şərait yaradacaq.
Tədbirdə 2025-ci ilədək dünyanı dəyişəcək texnoloji trendlərdən danışılıb. Beynəlxalq sərgi məhz təhsil vasitəsilə insan kapitalından maksimal dərəcədə yararlanmağın yollarına dair qlobal anlaşma əldə etmək üçün bir imkandır. Bundan başqa, sərgi cəmiyyət və qlobal səviyyədə davamlı nailiyyətlərin əldə olunması üçün mühüm müzakirələrin aparılacağı məkana çevriləcək.
Təqdimatlar zamanı “Ekspo 2025” Bakı üzrə mövzunu seçmiş heyətin rəhbərləri “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzusunda, həmçinin səhiyyənin, təhsilin və məşğulluğun gələcəyi alt-mövzularının əhəmiyyəti haqqında danışıblar.
Sonda tələbələrin “Ekspo 2025” Bakı Ümumdünya sərgisinin yaratdığı imkanların onlara nələri təklif etməsi və şəhərin namizədliyinə dəstəklərini nümayiş etdirmək üçün bu təşəbbüsə necə qatıla bilmələrinə dair sualları cavablandırılıb.
Qeyd edək ki, hazırda 170 dövlət üzvü olduğu Beynəlxalq Sərgilər Bürosu (BSB) 1928-ci ildə yaradılıb. Azərbaycan ilk dəfə olaraq bu sərgidə 2000-ci ildə iştirak edib. 2008-ci ildən bu günədək isə ölkəmiz Beynəlxalq Sərgilər Bürosunun tam hüquqlu üzvüdür.