Naxçıvanda məhsul ixracı artıb

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, son illər muxtar respublikada həyata keçirilmiş iqtisadi siyasət nəticəsində mühüm nailiyyətlər əldə olunub.  İqtisadiyyat şaxələndirilib, yeni məhsul növlərinin istehsalı təmin edilib.

Həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq 2017-ci ildə muxtar respublikada 2 milyard 701 milyon 663 min manat dəyərində ümumi daxili məhsul istehsalı qeydə alınıb ki, bu da 2007-ci ildəki göstəricidən 5 dəfə çoxdur. Bu dövrdə sənaye məhsulu 7,9, kənd təsərrüfatı məhsulu 3,7 dəfə artıb.

Yerli istehsal sahələrinin inkişafının nəticəsidir ki, 2017-ci ilin sonuna muxtar respublikada 372 növdə məhsul istehsal olunub. Onların 125 növü ərzaq, 247 növü qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 236-sı qeyri-ərzaq olmaqla, 344 növdə məhsula olan tələbat tamamilə daxili imkanlar hesabına ödənilib.

İqtisadi və sosial sahələrdə qazanılmış uğurların nəticəsi olaraq muxtar respublikanın xarici ticarət dövriyyəsi 2017-ci ildə 459 milyon 888 min 800 ABŞ dolları təşkil edib ki, bu da 2007-ci ildəki göstəricidən 5 dəfə çoxdur. Xarici ticarət dövriyyəsinin 423 milyon 320 min ABŞ dollarını, yaxud 92 faizini ixrac, 36 milyon 568 min 800 ABŞ dollarını, yaxud 8 faizini idxal təşkil edib. Ümumi ixracın 76 faizi sənaye, 24 faizi isə kənd təsərrüfatı məhsullarının payına düşüb. 2007-ci illə müqayisədə 2017-ci ildə ixracın həcmi 18,5 dəfə artıb, idxalın həcmi isə 47,2 faiz azalıb.

Qarşılıqlı razılaşmaya əsasən muxtar respublikada istehsal edilən və ya istehsal potensialı olan bəzi sənaye və kənd təsərrüfatı məhsullarına Türkiyə Respublikasına sərbəst ticarət imkanının verilməsi ixrac potensialımızı daha da gücləndirəcəkdir.

 
Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: