Türkiyədəki Naxçıvan Muxtar Respublikasının İğdır Ticarət Evi - FOTOLAR
Naxçıvan Muxtar Respublikası özünün nümunəvi istehsal məhsulları ilə dünya bazarında layiqli yer qazanmağı hədəfləyir. Bu şərəfli missiyanı layiqincə yerinə yetirən məkanlardan biri də Türkiyədə fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikasının İğdır Ticarət Evidir.
NUHÇIXAN AZƏRTAC-a istinadla xəbər verir ki, şəhərin mərkəzində yerləşən və “İğdır Magna Showrom” adı ilə də tanınan ticarət evi təkcə alış-veriş mərkəzi kimi deyil, həm də İğdır azərbaycanlıları üçün doğma bir məkandır. Ticarət Evində Naxçıvanda istehsal olunan 50-dən çox adda sənaye və qida məhsulu sərgilənir. Burada, həmçinin “Cahan Holding” şirkətlər qrupunun “Magna” markası ilə buraxdığı məhsullar cəlbedici mühit yaradıb.
Xatırladaq ki, “İğdır Magna Showrom” Ticarət Evinin açılışı bu il aprelin 30-da olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalovun rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti açılışda iştirak edib. Ticarət Evi Naxçıvanın istehsal məhsullarının nümayişi, topdan və pərakəndə satışı təmin etməklə yanaşı, biznes müqavilələrinin imzalanması üçün maraqlı tərəflərin tapılmasında da sahibkarlara yardım etməkdədir. Ticarət Evindən fotosessiyanı təqdim edirik.