OPEC və tərəfdaşları (“OPEC plus”) neft hasilatının həcmini daha çox azaltmayacaq, lakin istehsal məhdudiyyətləri ilə bağlı sazişin müddətini uzadacaq.
NUHÇIXAN xəbər verir ki, “Bloomberg”in sorğusunda iştirak edən ekspertlər bu qənaətdədirlər.
Ekspertlərə görə, “OPEC plus” sazişinin müddəti 2020-ci ilin ortalarına qədər uzadılacaq. İstehsal məhdudiyyətləri isə hazırkı səviyyədə saxlanılacaq.
Qeyd edək ki, neft bazarının diqqəti dekabrın əvvəlində keçiriləcək OPEC-in toplantısına yönəlib. OPEC hasilatı daha da azaltmaq niyyətində deyil. Çünki kartelə üzv bəzi ölkələrdəki siyasi böhran tədarük üçün təhlükə yaradır.
OPEC və qeyri-OPEC ölkələrinin neft hasilatını daha çox azaldıb-azaltmayacaqları ilə bağlı fikirlər isə müxtəlifdir. Bir qrup analitikə görə, OPEC dekabrdakı yığıncaqda istehsalın daha çox azaldılmasını qiymətləndirəcək. Bəziləri isə “OPEC plus” koalisiyasının neft hasilatının azalmasını daha da dərinləşdirməməsinin bazarda tədarük bolluğu yaradacağını, nəticədə “Brent” markalı xam neftin qiymətinin təxminən 30 faiz bahalaşacağını düşünür.
Xatırladaq ki, dekabrın 5-də Avstriyanın paytaxtı Vyanada OPEC Nazirlər Şurasının 177-ci iclası keçiriləcək. Dekabrın 4-də isə Vyanada OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 17-ci iclası təşkil olunacaq.
Ötən il dekabrın 7-də “OPEC plus” üzrə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin müddəti bu il iyulun 1-dən 2020-ci ilin ilk rübünün sonunadək uzadılıb.