OPEC və digər qeyri-OPEC neft istehsalçıları (“OPEC plus”) qərar vermək yerinə aprelədək gözləməyi üstün tuturlar.
NUHÇIXAN TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın Energetika naziri Aleksandr Novak deyib.
Nazir “OPEC plus” ölkələrinin neft hasilatının azaldılmasına dair razılaşmanın müddətinin uzadılıb-uzadılmayacağına qərar vermək yerinə aprel ayına qədər gözləməyi üstün tutduqlarını bildirib.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi OPEC və Rusiyanın rəhbərlik etdiyi qeyri-OPEC ölkələrinin neft istehsalının azaldılması üzrə sazişin müddətini artıra biləcəyini qeyd edən ekspertlər bu baş verərsə xam neftin qiymətinin də bahalaşacağını vurğulayıblar.
Digər tərəfdən, ekspertlər OPEC-in hasilat səviyyəsində dəyişiklik etməyəcəyi təqdirdə “qara qızıl”ın qiymətinə aşağı istiqamətli təzyiq ola biləcəyi barədə xəbərdarlıq ediblər.
Qeyd edək ki, Vyanada OPEC Nazirlər Şurasının 177-ci iclası keçiriləcək. Dekabrın 4-də isə Avstriyanın paytaxtında OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 17-ci iclası təşkil olunacaq.
Ötən il dekabrın 7-də “OPEC plus” üzrə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin müddəti bu il iyulun 1-dən 2020-ci ilin ilk rübünün sonunadək uzadılıb.