Azərbaycan Milli aviadaşıyıcısı marşrut şəbəkəsinin genişləndirilməsi proqramı ilə əlaqədar donanmasında təyyarə sayını xeyli artırmağı planlaşdırır. Xüsusilə, AZAL-ın gələcək planlarına “Boeing” və “Airbus” kimi aparıcı istehsalçılardan 20-dən çox yeni nəsil təyyarənin əldə edilməsi daxildir.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, “Boeing” korporasiyası ilə 2 ədəd “Boeing 777” geniş füzelyajlı təyyarənin alınması ilə bağlı razılıq artıq imzalanıb. Bu laynerlər Azərbaycan Milli aviadaşıyıcısının donanmasında yeni model təyyarə olacaq. Yeni hava gəmilərinin 2021-2022-ci illərdə “Azərbaycan Hava Yolları”nın uzaq məsafəli yeni istiqamətlərində istifadə olunacağı gözlənilir.
“Biz “Boeing” korporasiyası ilə münasibətlərimizi daha da inkişaf etdirməyi planlaşdırırıq, həmçinin 8 ədəd “Boeing 787 Dreamliner” və 3 ədəd “Boeing 777” təyyarəsini əldə etmək imkanlarını da nəzərdən keçiririk. Bu qərar uzaq məsafəli uçuşlarımızın coğrafiyasını genişləndirməyə imkan yaradacaq", - AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib.
Sözügedən hava gəmilərinin əldə edilməsi ilə bağlı məsələlər C.Əsgərovun aviakorporasiyanın Sietldakı baş ofisinə işgüzar səfəri çərçivəsində “Boeing”in prezidenti ilə müzakirə olunacaq.
Bundan əlavə, AZAL aviaşirkəti aparıcı Avropa aviaistehsalçısı “Airbus” ilə Azərbaycana 10 ədəd yeni nəsil “Airbus A320Neo” təyyarələrinin çatdırılması ilə bağlı danışıqlar aparır. Özünü doğrultmuş bu orta magistrallı sərnişin təyyarələri populyar “Airbus A320” laynerinin təkmilləşdirilmiş versiyası olub, yeni nəsil mühərriklər, təkmilləşdirilmiş göyərtə sistemləri və daha geniş qanad ucluqlarına malikdir. “Airbus” artıq bu təyyarə ilə bağlı dünyanın müxtəlif aviaşirkətlərindən 7000-dən çox sifariş alıb.
Ətraflı məlumat ictimaiyyətə danışıqlar yekunlaşdıqdan sonra təqdim olunacaq.