Biz artıq 5G texnologiyası üzrə standartları qəbul etmişik. Azərbaycanda da artıq 5G texnologiyalarının tətbiqinə başlanılıb. Biz bunu hələlik pilot layihə çərçivəsində həyata keçiririk. 5G texnologiyasının sürəti digərlərindən qat-qat üstündür. Bu texnologiyalar vasitəsilə böyükhəcmli məlumatların, data və digər əməliyyatları sürətlə həyata keçirmək mümkün olacaq.
NUHÇIXAN xəbər verir ki, bu barədə dekabrın 3-də Bakı Ekspo Mərkəzində açılan 25-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar (“Bakutel”) Sərgisində jurnalistlərə müsahibəsində Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) baş katibi Haoulin Zao deyib.
O bildirib ki, gələn ildən 5G bütün dünyada tətbiq ediləcək: “Hazırda bir neçə ölkədə 5G sınaq rejimində tətbiq edilir. Həmin ölkələrdən biri də Azərbaycandır. Düşünürəm ki, 2020-ci ilin iyunundan bu texnologiyanın müqavilə əsasında bütün dünyada tətbiqinə başlanılacaq", - deyə ITU-nun baş katibi bildirib.