SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodunun (NEZ) modernləşdirilməsi ölkəmizdə ekoloji vəziyyəti yaxşılaşdıracaq.
Şirkətdən NUHÇIXAN-a bildirilib ki, 1953-cü ildə əsası qoyulan zavodda hazırda modernləşdirmə və yenidənqurma layihəsinin 2-ci və 3-cü mərhələləri həyata keçirilir. Layihə çərçivəsində həyata keçirilən işlər nəticəsində 2021-2022-ci illərdə Azərbaycanda “Avro-5” standartına cavab verən dizel və benzin yanacaqlarının istehsal olunması nəzərdə tutulur. 2024-2025-ci illərdə isə istehsalat həcminin 7,5 milyon tonadək artırılması istiqamətində aparılan işlərin başa çatdırılması planlaşdırılır.
Layihənin əsas məqsədlərindən biri də Bakı şəhərində ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır. İstehsalat proseslərində, əsasən köhnə qurğuların istismarı zamanı ətraf mühit üçün bir sıra risklər yaranır və modernləşdirilməsi işləri həm də bu cür risklərin minimuma endirilməsinə imkan verəcək. Bu məqsədlə müasir və beynəlxalq standardlara cavab verən texnologiyaların tətbiqi nəzərdə tutulur.
Atmosfer havasının mühafizəsi
Modernləşdirmə nəticəsində ölkədə istehsal olunan yanacağın keyfiyyəti “Avro-5” standartına çatdırılacaq ki, bu da nəqliyyat vasitələri tərəfindən atmosferə tullantıların əhəmiyyətli dərəcədə azaldılmasına xidmət edəcək. Nəzərə alsaq ki, hazırda Azərbaycanda bu tipli tullantıların 80 faizindən çox hissəsi məhz nəqliyyat emissiyası nəticəsində əmələ gəlir, zavodun modernləşməsinin ətraf mühitə töhfə verəcəyi öz-özlüyünə aydın olar.
Layihənin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinə görə, NEZ-də quraşdırılan yeni qurğuların və müasirləşdirilən köhnə avadanlıqların istismar olunması ilə Beynəlxalq Maliyyə Korporasiyasının (Dünya Bankı Qrupu) neftin emalı üçün ətraf mühit, sağlamlıq və təhlükəsizlik təlimatları tətbiq ediləcək ki, bu da həm əhalinin sağlamlığının, həm də atmosfer havasının qorunması işinə müsbət təsir göstərəcək. Layihə çərçivəsində, eyni zamanda, təxirəsalınmaz tədbir olaraq, atmosferə atılan emissiyalara həm NEZ, həm də səlahiyyətli orqanlar tərəfindən daimi nəzarət edilməsi məqsədilə onlayn monitorinq sistemi qurulacaq. Hazırda sistemin tətbiqi ilə bağlı beynəlxalq ekspertlərlə müzakirələr aparılır və texnologiyalar araşdırılır. Bundan əlavə, yeni məşəl qurğusunun inşa edilməsi də emissiyaların atmosfer havasına və əhalinin sağlamlığına göstərdiyi təsiri minimuma endirəcək.
İstehsalat tullantı sularının müasir qurğular vasitəsilə təmizlənməsi
Zavod ərazisində müasir ekoloji tələblərə cavab verən mexaniki təmizləmə, bioloji təmizləmə və sanitar suların təmizlənməsi bloklarından ibarət yeni çirkab sularının təmizlənməsi qurğusunun inşası modernləşdirmə layihəsinin əsas tərkib hissələrindən biridir. Hazırda tikinti meydançasında qurğunun inşa edilməsi üçün hazırlıq işləri həyata keçirilir. Qurğu üzrə istehsalçı şirkət artıq müəyyələşdirilib. Burada leysan suları üçün 2 ədəd ehtiyat su hovuzunun, həmçinin mexaniki və bioloji su hovuzlarının inşası da nəzərdə tutulub. Qurğuda çirkab suları beynəlxalq standartların tələbindən də aşağı qatılığa qədər təmizlənəcək. Tam yeni atqı xətti vasitəsilə istehsalat suları axın sürətinin güclü olduğu akvatoriyada böyük su həcmi ilə qarışacaq ki, bu da təmizlənmiş suların durulaşmasını təmin edəcək.
Həmçinin, qurğunun çıxışında onlayn monitorinq sisteminin quraşdırılması tələb olunan qatılığın nəzarətdə saxlanılmasını təmin edəcək.
Səs-küy səviyyəsinin azaldılması
Yaşayış zonaları üçün sanitar normalarına uyğun olaraq səs-küyün gündüz saatlarında (07:00-22:00) 65 db (A), gecə saatlarında (22:00-07:00) isə 45 db (A) olaraq təmin edilməsi üzərində işlər aparılır. Səs-küyün azaldılması və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə müasir qurğulardan və səs-boğuculardan istifadə ediləcək.
Tikinti zamanı yaranan torpaq tullantılarının idarə edilməsi
NEZ-in modernləşdirmə və yenidənqurması layihəsi çərçivəsində sahənin hazırlanması zamanı 670 min kubmetr torpaq çıxarılıb və yenidənqurma işləri üçün zavod ərazisinin təqribən 32 hektarlıq sahəsi nəzərdə tutulub.
Keçmiş “Azərneftyağ” zavodunun ərazisinin “Ağ Şəhər” layihəsinə təhvil verilməsi
XIX əsrin sonlarından fəaliyyət göstərən və vaxtilə “Qara şəhər”də keçmiş rus imperisyasının ən böyük neft emalı müəssisəsi olmuş "Azərneftyağ" zavodunun qurğuları və çənləri demontaj olunaraq, ərazisi yaxın zamanda “Ağ Şəhər” layihəsinə təhvil veriləcək.
Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına NEZ regionun yeganə neft emalı kompleksidir və Azərbaycanın yanacağa olan tələbatının əsas hissəsini təmin edir. Zavodda 15 adda neft məhsulu, o cümlədən avtomobil benzini, təyyarə yanacağı, dizel yanacağı, mazut, neft koksu və sair istehsal olunur.