Dekabrın 3-dən 6-dək Bakıda keçirilən “Bakutel-2019” Telekommunikasiya və İnformasiya Texnologiyaları beynəlxalq sərgisi çərçivəsində “Azərkosmos” və Rusiyanın peyk operatoru “Rusiya Peyk Rabitəsi” (Космическая связь) arasında peyk rabitəsi və yayımı sahəsində əməkdaşlıq müqaviləsi imzalanıb.
“Azərkosmos” ASC-dən NUHÇIXAN -a bildirilib ki, müqaviləyə əsasən, “Azərkosmos” Avropa, Yaxın Şərq və Afrika, o cümlədən Azərbaycan, Rusiya və MDB ölkələrində “Azerspace-1”, “Azerspace-2” və “Rusiya Peyk Rabitəsi”nin “Ekspress-AM” (Экспресс-АМ) peyk qruplaşmasının xidmətlərindən birgə istifadə edəcək.
Azərbaycan və Rusiyanın peyk operatorları tərəfindən korporativ rabitə şəbəkələrinin təşkili, televiziya yayımı, eləcə də dənizdə, quruda və havada data xidmətləri təklif olunacaq.
Layihələr üzərində birgə əməkdaşlıq hər iki şirkətə Avrasiya və Afrika qitələrinin bölgələrində daha da möhkəmlənməyə, həmçinin peyk rabitəsi və yayım xidmətləri göstərmək üçün daha geniş bazarlara çıxış imkanı verəcək.
“Bu müqavilə Rusiya ilə Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrin möhkəmləndirilməsinin məntiqi davamıdır. “Rusiya Peyk Rabitəsi” və “Azərkosmos” uzun illərdir ki, Avropa, Yaxın Şərq və Afrika bazarlarında uğurla fəaliyyət göstərir. İki milli peyk operatorunun birgə səyləri Rusiya-Azərbaycan əməkdaşlığında xarici istehlakçılar üçün ortaq ixrac platforması kimi yeni bir səhifə açır. Biz azərbaycanlı həmkarlarımızla inkişaf etdirdiyimiz tərəfdaşlığı yüksək qiymətləndiririk”, - deyə “Rusiya Peyk Rabitəsi”nin biznesin inkişafı üzrə baş direktorun müavini Ksenya Drozdova qeyd edib.
“Azərbaycan ilə Rusiya arasındakı dostluq münasibətlərin davamı olan bu faydalı əməkdaşlıq və strateji tərəfdaşlıq bizə dövlət və özəl sektorundan daha çox müştərilərə xidmət göstərmək imkanı verəcək. Dünyanın on ən böyük peyk operatorundan biri olan “Rusiya Peyk Rabitəsi” ilə əməkdaşlıqdan olduqca məmnunuq”, - deyə “Azərkosmos”un kommersiya qrupunun rəhbəri Yolçu Həsənov bildirib.