Xam neftin qiymətində bu ilin iyunundan indiyədək ən böyük həftəlik artım qeydə alınıb.
NUHÇIXAN xəbər verir ki, Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-OPEC ölkələrinin (“OPEC plus”) sutkalıq neft hasilatının daha 500 min barrel azaldılması barədə qərarı “qara qızıl”ın qiymətinə yuxarı istiqamətli təzyiq göstərib. Belə ki, qərardan sonra neft qiyməti bu həftəni iyundan bəri ən böyük həftəlik artımla tamamlayır.
Hazırda “Brent” neftinin bir barreli Londonun ICE birjasında 64,39 dollara, “Light” markalı neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 59,20 dollara alıcı axtarır.
Qeyd edək ki, ötən gün Vyanada “OPEC plus” üzrə gələn ilin ilk rübündə gündəlik neft hasilatının daha 500 min barrel azaldılması ilə bağlı qərar qəbul olunub. Bununla da “OPEC plus” üzrə gündəlik neft hasilatının azaldılması ilə bağlı öhdəlik 1,7 milyon barrelə çatdırılıb. Hasilatın azaldılması ilə bağlı əlavə həcmlərin bölünməsi “OPEC plus” ölkələri arasında proporsional qaydada aparılıb.
Azərbaycan da hasilatın əlavə həcmlərdə azaldılması ilə bağlı yeni razılaşmaya qoşulub. Ölkəmiz müvafiq olaraq gündəlik neft hasilatını 20 min barreldən əlavə daha 7 min barrel azaldacaq. Beləliklə, öhdəliyi 27 min barrelə yüksələn Azərbaycan 2020-ci ilin yanvarından etibarən gündəlik hasilatı 769 min barrel həcmində saxlamalıdır.
Ölkəmiz indiyə kimi gündəlik neft hasilatını 20 min barrel azaltmaqla bağlı öhdəliyini artıqlaması ilə yerinə yetirib.