Maddi yardımın gəlir vergisindən azadolma halları

A- A A+

Maddi yardım göstərilən zaman vergi uçotunda əsas məsələ maddi yardım kimi verilən bu məbləğlərin fiziki şəxslərin gəlir vergisinə cəlb olunmasıdır.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.3 maddəsinə əsasən təqvim ili ərzində alınan hədiyyə, maddi yardım, birdəfəlik müavinət və miraslar fiziki şəxslərin gəlir vergisindən göstərilən məbləğlərdə azaddır:  

  • hədiyyələrin, təhsil və ya müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 1000 manatadək olan hissəsi, xaricdə müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin  2000 manatadək olan hissəsi, mirasların dəyərinin 20 000 manatadək olan hissəsi;
  • Təhsil və ya müalicə haqları almış şəxslərə bu güzəşt o halda verilir ki, həmin məbləğlərin təyinatı üzrə ödənildiyini təsdiq edən müvafiq sənədlər təqdim edilmiş olsun.
  • hədiyyə, maddi yardım və miras vergi ödəyicisinin ailə üzvlərindən alındığı halda onun tam dəyəri gəlir vergisindən azaddır.

Bundan başqa, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə AR Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar fiziki şəxslərin gəlir vergisindən azaddır.

Vergi ödəyicisi olan müəssisə tərəfindən onunla əmək münasibətlərində olmayan digər şəxslərin təhsil və ya müalicə haqlarını ödədikdə bu məbləğdən ödəmə mənbəyində vergi tutulması nəzərdə tutulmamışdır. Bu halda belə gəliri əldə edən şəxs vergi uçotuna alınmalı və qeyd olunan gəlirin Vergi Məcəlləsinin 102.1.3-cü maddəsi ilə məhdudlaşdırılan məbləğindən çox hissəsindən gəlir vergisini hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Bununla belə, ödəmələri aparan şəxslər qanunla müəyyən edilmiş hallarda və qaydada ödənilmiş məbləğlər barədə vergi orqanlarına məlumat verməlidirlər.

Onu da qeyd edək ki, maddi yardım müəssisənin vergi tutulan xərclərinə aid edilmir və müəssisənin öz sərəncamında qalan xalis mənfəəti hesabına verilə bilər.

 

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin mətbuat xidməti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: