Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən bu ilin noyabrın 29-da qəbul edilmiş "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Qanununda bina tikintisi fəaliyyətinin vergiyə cəlb olunması ilə bağlı Vergi Məcəlləsində bəzi dəyişikliklər edilib.
Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən NUHÇIXAN-a bildirilib ki, dəyişikliklərdə 2020-ci ilin yanvarın 1-dən etibarən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnun ləğv edilməsi və həmin şəxslər tərəfindən vergi öhdəliklərinin vahid metodla - ƏDV və mənfəət vergisinin ödəyicisi kimi yerinə yetirilməsi nəzərdə tutulur. Həmin müddətədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış və sadələşdirilmiş vergitutma metodunu tətbiq edən vergiödəyicisi tikinti-quraşdırma işləri üzrə vergiləri əvvəlki qaydada ödəyir.
Tikinti-quraşdırma işlərinə 2019-cu il dekabrın 1-də başlamış vergiödəyiciləri isə həmin işlər üzrə vergitutma metodunu 2020-ci il yanvarın 1-dən seçmək imkanına malikdirlər. Qanunun 2.2-ci maddəsinə əsasən, tikinti-quraşdırma işlərinə 2019-cu il dekabrın 1-dən sonra başlamış vergiödəyicisi həmin tikinti-quraşdırma işləri üzrə seçdiyi vergitutma metodu barədə məlumat formasını 2020-ci il yanvarın 1-dək qeydiyyatda olduğu vergi orqanına təqdim etməlidir. Əks halda, tikilən binalar üzrə yaranmış vergi öhdəlikləri "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanunla müəyyən olunmuş qaydada, yəni ƏDV və mənfəət (gəlir) vergisi metodu ilə hesablanacaq.
Buna görə də, bina tikintisi fəaliyyəti ilə məşğul olan sahibkarlar tərəfindən 2019-cu ilin dekabrında tikinti-quraşdırma işlərinə başladıqları binalara görə vergi metodu barədə (sadələşdirilmiş vergi və ya ƏDV və mənfəət vergisi) gələn il yanvarın 1-dək məlumat verilməsi əsas şərt kimi müəyyən edilir.