Vergi Məcəlləsinə dəyişiklik nəticəsində istehlakçılar nisyə satış zamanı daha bir yenilikdən faydalanacaqlar.
Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən NUHÇIXAN-a bildirilib ki, məsələyə iqtisadçı ekspert Anar Bayramov da aydınlıq gətirib. Onun sözlərinə görə, gələn ildən nəzarət-kassa aparatlarının (NKA) təqdim etdiyi məlumatların sayının artacağı gözlənilir.
Ekspert qeyd edib ki, dəyişiklərdə NKA çeklərində olan məlumatların sayı artırılır və dəyişiklikdən sonra çeklərdə aşağıdakı məlumatlar öz əksini tapacaq: ödənilmiş məbləğ; müştəriyə qaytarılan məbləğ (malın dəyərindən artıq ödənilən hissə üzrə); nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc); ödənişin forması və üsulu (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr); çekin növü (satış, geri qaytarma və ya ləğvetmə); nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi; geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar.
A.Bayramov əlavə edib ki, sözügedən dəyişiklik sahibkarların işini yüngülləşdirəcək: “Əksər vergiödəyiciləri iddia edirdilər ki, malların nisyə və ya bonus kimi verildiyi hallarda NKA çeki həmin mallar üzrə ödənişlərin qəbul olunması mənasına gəlir və uçot baxımdan müəyyən problemlər yaradır. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik nəticəsində bu boşluq da aradan qaldırılacaq”.