NUHÇIXAN xəbər verir ki, 2019-cu ilin məhsulu üçün muxtar respublikada 62 min 970 hektar sahədə əkin aparılıb. Strateji əhəmiyyəti nəzərə alınaraq əkilmiş sahələrin 33 min 308 hektarında taxıl səpini aparılıb, 102 min 984 ton məhsul yığılıb.
Tələbata uyğun olaraq kartofçuluğun da inkişafında müsbət dinamika saxlanılıb, tütünçülüyün dirçəldilməsi üçün tədbirlər görülüb, muxtar respublika üzrə 3228 hektar sahədə kartof, Şərur, Babək və Kəngərli rayonlarında ümumilikdə 50,5 hektar sahədə tütün əkini aparılıb ki, bu da bir il əvvəlki müvafiq göstəricilərlə müqayisədə çoxdur.
Bu faktlar dekabrın 21-də keçirilən beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onbirinci sessiyasında qeyd edilib. Vurğulanıb ki, muxtar respublikanın təbii coğrafi şəraiti meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üçün geniş imkanlar yaradır. 2019-cu ildə 6 min 246 hektar sahədə tərəvəz, 2 min 778 hektar sahədə bostan əkinləri həyata keçirilib, yeni meyvə bağlarının salınması davam etdirilib.
Aqrar sahənin inkişafını şərtləndirən ən başlıca amillərdən biri də müasir kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqlarının muxtar respublikaya alınıb gətirilməsidir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsidir ki, 2019-cu ilin ötən dövründə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 319 müxtəlif adda kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq, 2020-ci ildə əkinlərə verilməsi üçün 6 min ton karbamit gübrəsi alınıb, məhsul istehsalçılarına il ərzində 7 min 174 ton mineral gübrə verilib.
Kənd təsərrüfatına yararlı torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsində mütərəqqi suvarma sistemlərinin qurulması mühüm əhəmiyyət kəsb edir. 2019-cu ildə də bu tədbirlər davam etdirilib, 520 hektar torpaq sahəsində qapalı suvarma şəbəkəsi qurulub.