Naxçıvan Muxtar Respublikasının 2020-ci il dövlət büdcəsi muxtar respublikanın uğurlu inkişafına hesablanıb
Məlum olduğu kimi dekabrın 21-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onbirinci sessiyası keçirilib. Sessiyanın gündəliyində duran əsas məsələlərdən biri, Naxçıvan Muxtar Respublikasının 2020-ci il dövlət büdcəsinin təsdiq edilməsi ilə bağlı idi. Büdcə layihəsinin təhlilini apardığımız zaman məlum olur ki, 2020-ci il dövlət büdcəsi hazırlanan zaman bir çox sahələr prioritet istiqamət kimi götürülüb. Belə ki, muxtar respublikanın inkişaf tempinə uyğun olaraq sosial-iqtisadi sahələr eləcə də mühüm dövlət proqramlarının və infrastruktur layihələrinin icrasına əsas yer verilib.
Bu gün ölkəmizdə insan amilinə verilən qiymət və sosial sahənin dayanıqlı inkişafının daim diqqətdə saxlanılması, ölkədə sosial islahatlar paketlərinin qəbul edilməsi onu göstərir ki, dövlətin əsas prioritet istiqamətləri sosial sahədir. Növbəti ilin dövlət büdcəsinin də muxtar respublikada bu mənada sosialyönümlülüyü xüsusi ilə qeyd olunmalıdır. Belə ki, büdcədə sosialyönlü xərclərin xüsusi çəkisi 70,2 faiz səviyyəsində və ya 338 milyon 223 min manat məbləğində nəzərdə tutulur ki, bu da 2019-cu illə müqayisədə 35,1 faiz və ya 87 milyon 899 min manat çoxdur. Bu isə, o deməkdir ki, ənənəvi olaraq, növbəti ilin də dövlət büdcəsinin sosialyönümlülüyü təmin edilib, əməyin ödənişi, təqaüdlər və sosial müavinətlər, o cümlədən əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi üzrə maliyyə təminatının yaxşılaşdırılması dövlətin əsas maliyyə bazası olan yerli büdcədən formalaşacaq.
2020-ci il dövlət büdcəsinin gəlirlər hissəsinə nəzər saldıqda görürük ki, daxilolmalar hesabına büdcənin gəlirləri 113 milyon manatdan çoxdur. Verilən proqnoza əsasən daxilolmaların 75,6 faizi Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin, 21,8 faizi Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin, 2,6 faizi isə büdcə təşkilatlarının ödənişli xidmətlərinin payına düşür. Büdcə gəlirlərinin ötən illərə nəzərən əsaslı şəkildə artırılması muxtar respublikada münbit iqtisadi şəraitin mövcudluğu ilə əlaqəlidir. Əgər biz 2020-ci il dövlət büdcəsini 2019-cu il büdcəsi ilə müqayisə etsək növbəti ilin dövlət büdcəsinin gəlirləri ötən illə müqayisədə 35,8 faiz və ya 29 milyon 860 min manat artıq nəzərdə tutulduğunu görərik. Qeyd etmək lazımdır ki, muxtar respublikada ümumi daxili məhsulun həcminin artması, real sektorun inkişafı, kiçik və orta sahibkarlığa göstərilən dövlət dəstəyi növbəti ildə də dövlət büdcəsi gəlirlərinin artımının əsasını təşkil edir.
Muxtar respublikada istehsal sahələrinin inkişafı, sadələşdirilmiş vergi üzrə daxilolmalar, aksiz vergisinin də artırılması növbəti ilin büdcəsində artımla müşahidə olunur. Bütün qeyd olunan artımların əsasında muxtar respublikada güclü biznes-sahibkar mühitinin yaradılması, dövlətin diqqət və qayğısı, ümumilikdə muxtar respublikanın sosial-iqtisadi inkişafı dayanır.
2020-ci il Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin xərcləri isə 482 milyon 90 min manat məbləğində proqnozlaşdırılıb ki, bu da 2019-cu ilin büdcə xərcləri ilə müqayisədə 98 milyon 390 min manat və ya 25,6 faiz çoxdur. Növbəti ilin büdcə lаyihəsinin tərtibi zаmаnı mövcud хərclər üzrə hesablamalar aparılarkən müvafiq normalar və metodiki göstərişlərin tələbləri gözlənilməklə əvvəlki illərin icrası, şəbəkə, ştat göstəriciləri, büdcə sifarişləri, dövlət proqramlarının, sosial və infrastruktur layihələrin maliyyə təminatı nəzərə alınmaqla yeni vahid büdcə təsnifatına uyğun hazırlanıb.
Təhlil apardığımız zaman muxtar respublikanın 2020-ci il dövlət büdcəsinin xərcləri də ötən illə müqayisədə 25,6 faiz və ya 98 milyon 390 min manat artıq nəzərdə tutulub ki, bu da növbəti ildə xərclərdə qeyd olunan artımın 30,3 faizi muxtar respublikanın yerli yığımları hesabına mümkün olacaqdır. Hər il olduğu kimi növbəti ildə də muxtar respublikanın yalnız iki rayonu Şahbuz və Sədərək rayonları büdcələrinin yerli gəlir və xərclərini tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən dotasiya almalı olacaqdır. Kiçik bir araşdırma etdiyimiz zaman məlum olur ki, muxtar respublikanın rayonlarının yerli xərcləri də ölkə üzrə göstəricilərdən kifayət qədər aşağı hədlərdədir. Belə ki, ölkənin 73 rayonu üzrə yerli xərclərdə ən aşağı 10 göstəricidən 6-sı muxtar respublikanın yerli büdcələridir.
Adambaşına düşən büdcə xərclərində isə ölkə üzrə ən aşağı 15 göstəricidən 3-ü muxtar respublikanın rayonlarıdır. (Şərur 38, Babək 39, Culfa 50)
Muxtar respublikanın şəhər və rayonlarının yerli gəlirləri də ölkənin digər regionları ilə müqayisədə yüksək göstəricilərə malikdir. Belə ki, Naxçıvan şəhəri ölkə üzrə 64 şəhər və rayondan əvvəldə olaraq 9-cu sıradadır. Bir digər əhəmiyyətli göstərici olan adambaşına düşən büdcə gəlirləri üzrə də Naxçıvan şəhəri 244 manatla ölkənin şəhər və rayonları arasında ilk 5-ci sıradadır. Ölkədə adambaşına düşən büdcə gəlirləri üzrə bəzi göstəriciləri də diqqətə aldıqda görürük ki, Gəncə şəhərində bu göstərici 176 manat, Şəkidə 131 manat, Yevlaxda 126 manat, Lənkəranda isə 90 manatdır.
Ordubad rayonu adambaşına düşən gəlirləri ilə ölkə üzrə 25 rayonu geridə qoyur. Öz növbəsində Kəngərli rayonu 18, Culfa rayonu 17, Şahbuz rayonu 15, Babək rayonu 9, Şərur rayonu 8 ölkə rayonundan yüksək göstəricilərə malikdir.
2020-ci ilin büdcəsində səhiyyə bölməsində ümumi xərclərin 2,7 faizi həcmində - 13 milyon 70 min 880 manat vəsaitin ayrılması nəzərdə tutulur ki, bu 2019-cu ildəki analoji rəqəmdən 25 milyon 193 min 762 manat azdır. Buna səbəb muxtar respublikada 2020-ci ildən icbari tibbi sığortanın tətbiqinə başlanmasıdır.
Muxtar respublikada kənd təsərrüfatı, sahibkarlığın inkişafı, bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq dövlət tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən tədbirlər, iqtisadiyyata yeni investisiya qoyuluşlarının həcminin artması əlverişli biznes mühiti və digər layihələrin icrası büdcənin bu istiqamətlər üzrədə maliyyə yükünün artırılmasını tələb edir.
Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət dəstəyi üçün büdcədə 18 milyon 800 min manat məbləğində vəsait nəzərdə tutulur ki, bu 2019-cu ilə nisbətən 56,7 faiz və ya 6 milyon 800 min manat çoxdur.
Bütün bunlar onu deməyə əsas verir ki, büdcəmiz kifayət qədər ixtisaslı və ünvanlı hazırlanıb, büdcə heç də çox dotasiya almadan yerli gəlirlər, yerli xərclər, mərkəzləşdirilmiş gəlir və xərclər, adambaşına düşən gəlir və xərc göstəricilərinə görə maliyyələşmə respublika büdcəsinin yerli büdcələri ilə müqayisədə aşağı səviyyədədir.
Xüsusi olaraq qeyd etmək yerinə düşər ki, büdcənin layihələndirilməsi ilə yanaşı, ayrılmış vəsaitlərin xərclənməsi, qənaət edilməsi və səmərəli istifadəsi də əsas məsələlərdəndir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə yaradılan Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti İdarəsi və Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi bu sahədə tələb olunan maliyyə nəzarət mexanizmi və maarifləndirmə işini günün tələbləri səviyyəsində yerinə yetirir. Bu da Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi və yerli maliyyə orqanlarına növbəti il ərzində də büdcə vəsaitlərinin qanunauyğun və səmərəli istifadəsinə nəzarətin təşkilinə, büdcənin icrası istiqamətində zəruri tədbirlərin həyata keçirilməsinə imkan verəcəkdir. Bu isə o deməkdir ki, növbəti ildə də muxtar respublikamızda bütün sahələr üzrə uğurlu inkişafa nail olunacaqdır.
Ramal Məmişov
Naxçıvan televiziyasının baş redaktoru