Son dövrlər dünya iqtisadiyyatı üçün aktuallıq kəsb edən anlayışlardan biri və ya daha qabarıq şəkildə desək birincisi məhz ailə təsərrüfatlarıdır. Bu anlayışı qlobal miqyasda aktual edən səbəb isə çoxdur. Bunlara sürətli templə artan əhali sayını, buna uyğun olaraq artan tələbatı, tələbatı ödəmək üçün artan dövlət xərclərini, resursların məhdudluğunu və bir çox nümunələri göstərmək olar.
Bu baxımdan ailə təsərrüfatları bir çox dünya ölkələri üçün iqtisadi və sosial problemlərin həlli istiqamətində əhəmiyyətli çəkiyə malikdir.
Mahiyyəti tarixboyu öz təsdiqini tapmış və hər kəsə tanış olan bir ifadə var - ailə kiçik dövlətdir. Məhz bu səbəbdəndir ki, ailələrin möhkəm, sağlam təməllər üzərində formalaşması, sosial rifahının yaxşılaşdırılması dövlətimizin marağındadır. Aztəminatlı ailələrin ehtiyaclarının əsaslı surətdə ödənilməsi, hər bir vətəndaşın sosial müdafiəsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər ölkəmizdə həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsini təmin edib. Yəni ailənin rahat yaşaması üçün ölkəmizdə vacib olan bütün iqtisadi və sosial məsələlər ardıcıl şəkildə reallaşdırılır.
Lakin etiraf edək ki, yaşadığımız dövrdə ailələrin öz bacarıq və imkanlarından səmərəli istifadə edərək təsərrüfatlarını formalaşdırması zərurətə çevrilmişdir. Sadə dillə desək, dövlət maraqlıdır ki, ailə daha çox qazansın, gəlir əldə etsin, ölkəsinin inkişafına töhfə versin. Məşhur Çin mütəfəkkiri Konfutçinin “Mənə balıq vermə, mənə balıq tutmağı öyrət” fikri qeyd olunan məsələnin mahiyyətin tam açır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2019-cu ilin muxtar respublikamızda “Ailə təsərrüfatları ili” elan olunması bu sahənin yeni inkişaf mərhələsinə qədəm qoymasına şərait yaratmışdır. Ardınca Ali Məclis Sədrinin 2017-ci il 22 noyabr tarixli Sərəncamında verilmiş tapşırıqların icrasının davamlılığını təmin etmək məqsədilə 2019-cu il 18 yanvar tarixli Sərəncamla “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı” təsdiq edilmişdir.
Tədbirlər Planında aid təşkilatlara verilmiş tapşırıqların icrası il ərzində müsbət nəticələrin qazanılmasına səbəb olmuşdur. Belə ki, bu il muxtar respublikada qeydə alınmış ailə təsərrüfatlarının sayı 44 mini ötmüşdür. Cari ildə istehsal və emal fəaliyyəti ilə məşğul olan ailə təsərrüfatlarının sayında da əhəmiyyətli artım müşahidə olunmuşdur. Belə ki, 1 yanvar 2019-cu il tarixə bu istiqamət üzrə ailə təsərrüfatlarının sayı 525 idisə, ilin yekunlarına əsasən bu göstərici minə yaxın olmuşdur. İlin 9 ayında ailə təsərrüfatlarında 1 milyon 220 min kiloqrama yaxın məhsul istehsal edilmiş və onun 1 milyon 30 min kiloqramdan artığı satılmışdır.
Ailə təsərrüfatlarının balansında 2017 hektar əkin sahəsi mövcuddur ki, bu da 1 yanvar 2019-cu il tarixə olan göstərici ilə müqayisədə 845 hektar çoxdur. Bu dövr ərzində iribuynuzlu heyvanların sayı 3522 baş artımla 8003, xırdabuynuzlu heyvanların sayı 11084 baş artımla 39818, quşların sayı 10170 baş artımla 24666 baş təşkil etmişdir. Hazırda bu təsərrüfatlarda mövcud arı ailələrinin sayı 8017 ədəd təşkil edir ki, bu da 1 yanvar 2019-cu il tarixə olan göstərici ilə müqayisədə 6673 ədəd çoxdur. Həmçinin təsərrüfatların sahib olduğu müxtəlif təyinatlı texnikaların sayı isə 83 ədəd təşkil edir.
Ailə təsərrüfatlarının fəaliyyətinin stimullaşdırılması məqsədilə il ərzində həyata keçirilən mühüm tədbirlərdən biri də artıq muxtar respublikada ənənə halını almış festivallar oldu. Yola salmaqda olduğumuz ildə keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalında əvvəlki illərlə müqayisədə daha yüksək göstəricilərin əldə olunması bu sahəyə marağın artdığını deməyə əsas verir. Naxçıvan şəhərində noyabr ayında keçirilən festivalda muxtar respublika üzrə 408 ailə təsərrüfatı tərəfindən 556 növdə məhsul çıxarılmış, 150 min manat dəyərində məhsul satılmışdır. “Göycə”, “Arıçılıq məhsulları-Bal”, “Kətə” festivalları da daxil olmaqla ümumilikdə il ərzində keçirilən festivallarda 765 min manatdan artıq ailə təsərrüfatları məhsullarının satışı təmin edilmişdir. Bundan əlavə muxtar respublikada keçirilən müxtəlif yarmarkalarda ailə təsərrüfatları məhsullarına üstünlük verilməsi, iri ticarət mərkəzlərində, mağazalarda, kənd xidmət mərkəzlərində ailə təsərrüfatları üçün ayrıca bölmələrin yaradılması bu məhsulların satışı və təbliğatı üçün əlverişli şərait formalaşdırmışdır.
Əvvəlki illərdən fərqli olaraq festivalların əhatə dairəsi daha da genişləndirilmiş, cari ildə Naxçıvan şəhəri ilə yanaşı muxtar respublikanın bütün rayonlarında “Ailə təsərrüfatı məhsulları” festivalları keçirilmişdir. Həyata keçirilən bu tədbirlərin nəticəsidir ki, artıq muxtar respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən ailə təsərrüfatları arasında güclü rəqabət mühiti formalaşmaqdadır.
Muxtar respublikanın şəhər və rayonları ilə yanaşı, ucqar dağ kəndlərinin də sosial problemlərinin həlli istiqamətində zəruri tədbirlər görülmüş, yeni yollar çəkilmiş, kompleks quruculuq işləri aparılmışdır. Bütün bunlar isə kənddə məskunlaşmanı artırmışdır. “Ailə təsərrüfatları ili” də muxtar respublikada kənd əhalisinin öz torpağına bağlılığına geniş töhfə verdi. Öz təsərrüfatını yaratmaq və ya genişləndirmək məqsədilə 87 ailə təsərrüfatı 820 min manata yaxın güzəştli kreditlərlə təmin edildi.
Bu gün ailə təsərrüfatlarının ən mühüm və səciyyəvi cəhətlərindən biri də onların iqtisadi inkişafı xarakterizə edən ərzaq təhlükəsizliyinə verdikləri töhfələrdir. Artıq muxtar respublikada istehsal olunan məhsulların ümumi çəkisində ailə təsərrüfatlarının payı ilbəil artır. Nəticədə süfrələrimizi keyfiyyətli, təbii, ucuz və dadlı məhsullar bəzəyir.
Digər bir tərəfdən keyfiyyətli ailə təsərrüfatı məhsullarının standartın tələblərinə uyğun qablaşdırılması (bu işi də dövlət öhdəsinə götürüb) onlara daxili bazarla yanaşı, ölkə və xarici bazarlarda da böyük marağın yaranmasına səbəb olub. Yəni ailə təsərrüfatlarının ixrac imkanları formalaşıb ki, bu da böyük iqtisadi səmərə deməkdir.
Ailə təsərrüfatları ilində təsərrüfatlara göstərilən diqqət və qayğının bariz nümunələrindən biri də “Naxçıvan Muxtar Respublikası Ailə təsərrüfatları” İctimai Birliyinin yaradılması oldu. Birliyin yaradılmasında məqsəd isə muxtar respublikada fəaliyyət göstərən ailə təsərrüfatlarının birgə koordinasiyasını təmin etmək, ayrı-ayrı təsərrüfatların mövcud problemlərinə dair qərarlar qəbul etməklə aidiyyəti təşkilatlarla bunları müzakirə etmək, ailə təsərrüfatlarında planlı fəaliyyəti təmin etməkdən ibarət idi.
Ailə təsərrüfatları ilində həyata keçirilən genişmiqyaslı tədbirlərin bəhrələri isə yaxın gələcəkdə özünü büruzə verəcəkdir. Bu günün ailə təsərrüfatları sabah dayanıqlı, güclü sahibkar kimi öz fəaliyyətləri ilə dövlətimizin iqtisadi inkişafına töhfələrini verəcəklər. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sözləri ilə desək, “Sahibkarlığın inkişafının bir yolu da ailə təsərrüfatlarının fəaliyyətini dəstəkləməkdən keçir. Çünki ailə təsərrüfatları həm yerli istehsalın həcminin artmasına və özünəməşğulluğun təmin olunmasına, həm də kiçik və orta sahibkarlığın inkişafına böyük təkan verir.”
Nəticə
Ailələrin öz bacarıq və imkanlarını şəxsi təsərrüfatlarının inkişafı istiqamətində səfərbər etməsi, ilk növbədə məhsul istehsalının həcmini və çeşidini xeyli artırıb, yeni müəssisələr yaranıb, ailə büdcələrinin gəliri çoxalıb, iş yerləri açılıb və məşğulluq təmin edilib. Təbii ki, müəssisə gəlirləri hesabına büdcəyə vergidən daxilolmaların həcminin artması ümumilikdə vətəndaşların sosial-rifahının daha da gücləndirilməsinə, əmək haqlarının artırılmasına şərait yaradıb. Yaxşılaşan maddi vəziyyət, artan gəlirlər ailə təsərrüfatlarının sahibkarlıq subyektlərinə çevrilməsinə imkan verib.
Bir-birini stimullaşdıran bu zəncirvari proseslərin siyahısını daha da uzatmaq olar. Ancaq bütün bu proseslərin bir məqsədi var: o da iqtisadiyyatı daha da gücləndirməkdir. Ümumilli liderimiz Heydər Əliyevin dediyi kimi: "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir".
PS!
Yaradılan hər bir ailə təsərrüfatı ailə üzvlərinin ehtiyaclarını təmin etməklə yanaşı, bu ailədə uşaqların daha sağlam düşüncəli mühitdə böyüməsinə şərait yaradır, onlara halal zəhmətlə gəlir əldə etmək bacarıqlarını aşılayır, həmçinin gələcək üçün maddi təminat qismində yaxşı miras sayılır.
Elçin Əliyev
Naxçıvan Muxtar Respublikası
Ali Məclis Aparatının İqtisadiyyat
şöbəsinin müdiri