Prezident İlham Əliyevin apardığı uğurlu islahatlar nəticəsində ölkənin maliyyə-bank sektorunda da 2019-cu ildə inkişaf qeydə alınıb. Dünya Bankının son illərdə dünyanın 20 ən islahatçı ölkəsi sırasına adını daxil etdiyi Azərbaycan iqtisadiyyatın bütün sahələrini əhatə edən islahatlar aparmaqla inamlı addımlarla inkişaf edir. 2019-cu ildə də bir sıra əhəmiyyətli islahatlar müxtəlif sahələrin inkişafına təsir edib və iqtisadi inkişaf üçün stimul olub. Ölkədə aparılan kompleks iqtisadi islahatlar maliyyə-bank sektorundan da yan keçməyib. Belə ki, bu islahatlar maliyyə sektorunun institusional inkişafı, bank sektorunun canlandırılması, rəqəmsal ödənişlərin stimullaşdırılması və sair istiqamətlərə yönəlib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən NUHÇIXAN-a bildirilib, bank sektoru üçün 2019-cu ilin ən kolosal islahat tədbiri olaraq 2019-cu il fevralın 28-də Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı Fərmanı qeyd etmək olar. Belə ki, bu islahat tədbiri hər şeydən öncə böyükmiqyaslı sosial layihə olmaqla, eyni zamanda, maliyyə sektorunun qeyri-işlək aktivlərdən azad olunması, likvidliyin təmin edilməsi və ümumən sektorun canlanması üçün çox böyük əhəmiyyətə malik olub. Fərmana əsasən, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 min ABŞ dollarınadək olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi dövlət büdcəsinin vəsaiti hesabına ödənildi. Ümumilikdə 800 mindən çox nəfəri əhatə edən bu islahat tədbiri vətəndaş məmnunluğunun artmasına səbəb oldu. Bank sektoruna olan təsirinə gəldikdə isə ümumi kredit portfelində problemli aktivlərin xüsusi çəkisinin 2,6 faiz azaldığını və bununla da portfelin sağlamlaşmasına gətirib çıxardığını qeyd etmək olar.
2019-cu ildə tənzimləyici xarakterli normativ hüquqi aktların qəbul olunması bank sektorunun idarəçilik və səmərəlilik məsələlərində daha da inkişaf etməsinə təkan verəcək. Bu dəyişikliklərə misal olaraq “Banklarda risklərin idarə olunması haqqında Qaydalar” və “Banklarda kredit risklərinin idarə edilməsi Qaydaları”nı göstərmək olar. Bu qaydalar risklərin təsnifatını apararaq onların idarə edilməsi strategiyasını, siyasətini, idarə olunması prosesini və bu istiqamətdə nəzərdə tutulan tədbirləri müəyyənləşdirib. Bazel Komitəsinin “Korporativ idarəetmənin təkmilləşdirilməsi üzrə prinsiplər”i və beynəlxalq korporativ idarəetmə təcrübəsi nəzərə alınmaqla hazırlanmış “Banklarda korporativ idarəetmə Standartları”nın qəbul olunması da bankların institusional inkişafı üçün mühüm islahat tədbiri olaraq qeyd edilməlidir.
Bundan başqa, bu sektorda aparılan struktur islahatlarına misal olaraq “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarə edilməsinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”nı qeyd etmək olar. Bu sərəncama əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv olunaraq öz səlahiyyətlərini Azərbaycan Respublikasının Mərkəzi Bankına təhvil verdi.
Biznes sektorunun inkişafı və ümumən iqtisadi inkişafa aparan yolda ən önəmli məsələlərdən hesab olunan maliyyə resurslarına asan çıxışın təmin olunmasıdır. Keçən ilin sonu təsdiqlənən və 2019-cu ildə tətbiq olunan “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununa və “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə edilmiş dəyişikliklər ölkədə kreditə əlçatanlığı asanlaşdırıb. Belə ki, daşınar əmlakın girov olaraq təqdim edilməsi və kreditlərin əldə olunması prosesinə uyğun olaraq Mülki Məcəllədəki dəyişikliklər, reyestrin tam şəkildə işləməsi artıq nəzəri olaraq mövcud olan mexanizmin praktik tətbiq olunmasına gətirib çıxardı. Bu islahatlar nəticəsində Azərbaycan kredit əldə etmənin asanlığına görə Dünya Bankının “Doing Business” hesabatına əsasən, 190 ölkə arasında 1-ci yerdə qiymətləndirilib. Kredit bürosunun əhatə dairəsi yetkin əhaliyə nisbətdə keçən illə müqayisədə 41,5 faizdən 45 faizə yüksəlib. Bundan başqa, nüfuzlu kredit reytinqi agentləri də sektorda baş verən müsbət dəyişiklikləri müvafiq olaraq qiymətləndirib. Belə ki, “Moody’s” son hesabatında Azərbaycanın mövqeyini sabit “Ba2” səviyyəsində qiymətləndirib, “Fitch” beynəlxalq reytinq agentliyi də oxşar mövqeni təsdiqləyərək ölkəmizin Cənubi Qafqaz üzrə birinci yerdə olduğunu qeyd edib.
Maliyyə sektorunun rəqəmsallaşması
Maliyyə sektorunda qlobal trend olan rəqəmsallaşmanın ölkəmizdə daha da inkişaf etdirilməsi istiqamətində davamlı tədbirlər davam edir. Buna misal olaraq “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası nəticəsində sektorun rəqəmsallaşması istiqamətində bir sıra dəyişiklikləri qeyd etmək olar. Belə ki, beynəlxalq təcrübəyə əsaslanmaqla ölkədə ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində tənzimləmə və nəzarət çərçivəsinin formalaşdırılması məqsədilə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsi hazırlanıb. Yeni qanun layihəsi banklar və poçt rabitəsinin milli operatoru ilə yanaşı, müvafiq lisenziya əsasında digər hüquqi şəxslərə də elektron pul emissiya etməsinə imkan verəcək. Rəqəmsal sahibkarlığın inkişaf etdirilməsi istiqamətində hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə ölkədə vençur fəaliyyəti üzrə münasibətlərin, vençur şirkətlərinin, fondlarının, agentlərinin, brokerlərin hüquqi vəziyyətinin və fəaliyyət şərtlərinin tənzimlənməsi məqsədilə "Vençur fəaliyyəti haqqında" Qanun layihəsi hazırlanıb. Eyni zamanda, kraudfandinq fəaliyyəti ilə bağlı mövcud qanunvericiliyə zəruri dəyişikliklərin edilməsi məqsədilə “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında, kraudfandinq fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanun layihələri hazırlanıb.
Əlavə olaraq, rezident və qeyri-rezident hüquqi və fiziki şəxslər üçün tətbiq olunan “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları” qəbul olunub. Rəqəmsal Ticarət Qovşağının qeyri-rezidentlər üçün yaratdığı elektron formada rezidentlik əldə etmə imkanına paralel olaraq bu qaydaların təsdiqi banka getmədən bank hesablarının məsafədən açılmasını mümkün etdi. Bu da öz növbəsində ölkəyə xarici investorların cəlbini daha da stimullaşdıraraq xarici valyuta axınlarının həcmini artırmağa xidmət edəcək. Digər həyata keçirilməkdə olan islahat tədbirlərinə misal olaraq dövlət qiymətli kağızları və Mərkəzi Bankın notları üzrə ilkin və təkrar bazarda ticarətin vahid elektron ticarət platformasında (Bloomberg) həyata keçirilməsi məsələsini qeyd etmək olar. Bu istiqamətdə qanunvericiliyə dəyişikliklərin layihəsi hazırlanıb, Bloomberg platformasında ticarətin təşkili texniki cəhətdən yekunlaşıb. Eyni zamanda, ölkə daxilində elektron ticarətlə bağlı fəaliyyətin həyata keçirildiyi internet informasiya ehtiyatlarının uçotunun aparılması üzrə “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının qanun layihəsi hazırlanıb.
Rəqəmsal ödəniş infrastrukturunun daha da təkmilləşdirilməsini nəzərdə tutan Ani Ödənişlər Sisteminin (AÖS) yaradılmasına gəldikdə isə texniki platformanın və sistem proqram təminatlarının sistemin tələblərinə uyğun olaraq quraşdırılması və konfiqurasiya edilməsi başa çatdırılıb, AÖS-ün nüvəsini təşkil edən komponentlər test mühitində quraşdırılmışdır. Sistemin növbəti ilin sonuna istifadəyə verilməsi nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, sistemin yaradılması ölkənin ödəniş ekosistemi fiziki şəxslər, biznes strukturları və dövlət orqanları arasında aparılan qarşılıqlı ödəniş əməliyyatları üzrə hesablaşmaların 24/7/365 rejimində 5-10 saniyə ərzində tam başa çatdırılmasına imkan verəcək. İstifadəçilər istənilən zaman və istənilən vasitələrlə bir-birlərinə ödəniş edə biləcəklər. Eyni zamanda, ödənişlərdə müasir mobil həllərin tətbiqi mümkün olacaq. Bütün bu imkanlar rəqəmsal ödənişlərin genişləndirilməsinə, ölkədə nağd iqtisadiyyatın azalmasına və nağdsız ödənişlərin artmasına təkan verəcək.
İslahatların nəticələrinin maliyyə sektoruna təsiri
Ümumi statistik göstəriciləri müqayisə etsək keçən ilə görə maliyyə sektorunda əhəmiyyətli artım baş verdiyini görmək mümkündür. Bank sektorunun kredit portfelinin genişləndiyini, mənfəətinin, aktiv və əmanətlərinin, balans kapitalının artdığını, eyni zamanda, xarici borcunun azaldığını qeyd etmək lazımdır. Belə ki, bu ilin ilk 10 ayının nəticələrinə əsasən, aktivlər ötən illə müvafiq şəkildə müqayisədə 6 faiz, kredit qoyuluşu isə 11 faiz artıb. Bank sektorunun xalis mənfəəti isə keçən illə müqayisədə 2 dəfə daha çox olub. Bank sektorundakı canlanmanın digər nümunəsi isə müştəri bazasının artımıdır. Belə ki, bank müştərilərinin sayında 25 faiz, müştəri hesablarında isə 6 faiz artım müşahidə olunub. Eyni zamanda, depozitlərin həcmində də 7 faiz artım müşahidə edilib və 23,5 milyard manata çatıb. Fiziki şəxslərin əmanətlərinin 5 faiz artığını xüsusilə qeyd etmək lazımdır. Bu göstəricilər aparılmış islahatların bank sektoruna olan inamı artırdığına, yığımların depozit olaraq banklara etibar edildiyinə dair sübutdur. Bu da öz növbəsində bankların inkişafına səbəb olmaqdadır. Təsadüfi deyil ki, islahatlar bank sektorunun infrastruktur baxımından da güclənməsinə gətirib çıxardı. Belə ki, bank filiallarının və ATM-lərin sayındakı artımla birgə, maliyyə-bank sektorunda işçi sayının 10 faiz artımı müşahidə olundu.
Pul siyasətinin doğru şəkildə aparılması, manatın sabitliyinin bərpa olunmasına, bununla da milli valyutaya olan etimadın artması və dedollarizasiya prosesinin sürətlənməsinə gətirib çıxardı. Belə ki, depozitlərin tərkibində manatın xüsusi çəkisi artıq 37 faizə çatmaqla son illərdəki ən yüksək həddə çatıb.
Dövlətimizin başçısının rəhbərliyi ilə cari ildə aparılan kompleks islahatlar kapitallaşma və likvidlik səviyyəsinin artırılması, idarəetmə sisteminin təkmilləşdirilməsi, qanunvericiliyin zəruri və müsbət qlobal trendlərə uyğun olaraq dəyişdirilməsi, rəqəmsallaşmanın inkişaf etdirilməsi, dünya arenasında ölkənin maliyyə-bank sisteminin yüksək səviyyədə qiymətləndirilməsi kimi nəticələrə gətirib çıxardı. İslahatlar ölkənin makroiqtisadi inkişafına da öz töhfəsini verdi. Bu gün Azərbaycanın strateji valyuta ehtiyatları xarici borcu 5 dəfə üstələyir ki, bu göstərici dünyanın qabaqcıl ölkələrində müşahidə olunur. İnflyasiyanın azalan templə 2,6 faiz təşkil etməsi də makroiqtisadi sabitliyin digər bir sübutudur. Sözügedən islahatlar fonunda sektorun cari vəziyyəti və iqtisadi inkişafa aparan yolda atılan addımlar ölkənin makroiqtisadi sabitliyinin davamlılığını, Azərbaycanın yaxın gələcəkdə dünyanın ən güclü ölkələri ilə müqayisə edilə biləcək iqtisadi potensialının realizasiyasını proqnozlaşdırmağa imkan verir.