Azərbaycanın beynəlxalq hava limanlarında xidmət göstərilən sərnişinlərin sayına görə yeni rekord müəyyənləşdirilib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, 2019-cu ildə sərnişin dövriyyəsi 5,56 milyon nəfər təşkil edib.
Paytaxt hava limanı, həmçinin yeni rekorda imza ataraq 4,73 milyon sərnişinə xidmət göstərib ki, bu da 2018-ci ilin göstəricisindən 7 faiz çoxdur. Sərnişin sayının artımı, həmçinin Naxçıvan (646 min sərnişin, ötən ilin göstərisindən 1,5 faiz çox), Gəncə (154 min, 10 faiz artım) və Lənkəranın (18 min sərnişin, 2018-ci ilin göstəricisindən 14,5 faiz çox) hava limanlarında müşahidə olunub.
2019-cu il ərzində paytaxt hava limanının baza aviadaşıyıcıları – “Azərbaycan Hava Yolları” QSC (AZAL) və “Buta Airways” müvafiq olaraq 2 milyon və 602 min sərnişin daşıyıblar.
Beynəlxalq uçuşlarda 4,1 milyon sərnişinə xidmət göstərilib. Sərnişin dövriyyəsi üzrə aviaşirkətlərin onluğuna milli aviaşirkətlər ilə yanaşı “Türk Hava Yolları” (Türkiyə, 492 min sərnişin), “FlyDubai” (BƏƏ, 237 min), “Aeroflot” (Rusiya, 193 min), “AirArabia” (BƏƏ, 169 min), “UIA” (Ukrayna, 124 min), “Qatar Airways” (Qətər, 106 min), “Lufthansa” (Almaniya, 66 min) və “SCAT” (Qazaxıstan, 62 min) daxil olub.
2019-cu il ərzində Heydər Əliyev Beynəlxalq Aeroportundan 37 sərnişin aviaşirkəti 60-dan çox müxtəlif istiqamətə uçuşlar həyata keçirib.
Qeyd edək ki, Gəncə və Naxçıvan hava limanlarından Moskvaya və İstanbula birbaşa uçuşlar həyata keçirilir. Həmçinin milli aviadaşıyıcı AZAL qış cədvəli çərçivəsində Lənkərandan Moskvaya və geri istiqamətə müntəzəm birbaşa aviareyslər həyata keçirir.
Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.
2019-cu ilin mart ayında Heydər Əliyev Beynəlxalq Aeroportu “Skytrax World Airport Awards” versiyasına görə ardıcıl olaraq üç ildir ki, Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edib.