Yanvarın 21-24-də İsveçrənin Davos şəhərində keçiriləcək 50-ci Dünya İqtisadi Forumu (WEF) dünyanın hər yerindən 119 milyarderi bir araya gətirəcək.
NUHÇIXAN xəbər verir ki, bu siyahıda “Bridgewater Associates LP” şirkətinin təsisçisi Ray Dalio, “Blackstone Group Inc” şirkətinin prezidenti Stiv Scvarzman və “JPMorgan Chase & Co” şirkətinin baş icraçı direktoru Ceymi Dimon da var. Foruma qatılacaq milyarderlərin ümumi sərvəti 500 milyard dollardan çoxdur.
Qeyd edək ki, təxminən 100 ölkədən 2000-dən çox şəxsin iştirak edəcəyi, “Birgə və davamlı dünyanın maraqlı tərəfləri” mövzusunda keçiriləcək forum çərçivəsində 400-dən çox açıq və qapalı iclas təşkil olunacaq. Dünya İqtisadi Forumunda 50-dən çox ölkə Prezident və Baş Nazir səviyyəsində təmsil ediləcək.
Forumda ABŞ Prezidenti Donald Tramp, Almaniya Kansleri Angela Merkel, İtaliyanın Baş Naziri Cüzeppe Konte, Avropa Komissiyasının sədri Ursula Von der Leyen, İspaniyanın Baş Naziri Pedro Sançes, İsveçrə Prezidenti Simonetta Sommaruqa, Əfqanıstan Prezidenti Əşrəf Qani, Avstriyanın Baş Naziri Sebastian Kurts, Kolumbiya Prezidenti İvan Duke, Finlandiyanın Baş Naziri Sanna Marin, Yunanıstanın Baş Naziri Kiryakos Mitsotakis, Niderlandın Baş Naziri Mark Rutte, Norveçin Baş Naziri Erna Sulberq, Pakistanın Baş Naziri İmran Xan, Ukrayna Prezidenti Vladimir Zelenski, BMT-nin Baş katibi Antonio Quterreş, Beynəlxalq Valyuta Fondunun direktoru Kristalina Georgiyeva, Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqardın iştirakı nəzərdə tutulur.