“SOCAR Turkey”in aktivlərindən olan, Türkiyənin ilk və yeganə inteqrasiya olunmuş neft-kimya kompleksi sayılan “Petkim” rəqəmsal tətbiqlər və sistemləri vasitəsilə əldə etdiyi Sənaye 4.0 standartı sayəsində Dünya İqtisadi Forumunun (WEF) “Global Lighthouse Network”una seçilib.
SOCAR-dan NUHÇIXAN-a verilən məlumata görə, “Petkim” 2018-ci ildə təsis edilən və “gələcəyin fabrikləri” olaraq qəbul edilən 44 üzvdən ibarət “Global Lighthouse Network”ə 2020-ci ildə Türkiyədən seçilən yeganə şirkətdir. Forumun yanvarın 20-də Davosda keçirilən mərasimində mükafat “SOCAR Turkey”in baş icraçı direktoru Zaur Qəhrəmanova təqdim olunub.
Əlli beş illik tarixə malik olan “Petkim”in Türkiyənin və Azərbaycanın ən rəqəmsal şirkət olma istiqamətində addım-addım irəlilədiyini bildirən Z.Qəhrəmanov deyib: “Petkim”də rəqəmsal transformasiyaya inteqrasiyamız istehsal prosesində qabaqcıl analitik tətbiqlər və süni intellektdən istifadə etməyimizlə başladı. Bu məqsədlə Rəqəmsallaşma Departamenti və Rəqəmsal Akademiya yaratdıq. Bu iş modeli vasitəsilə şirkət daxilində istehsalat üzrə nümunə ssenarilər hazırlandı. Bu ssenariləri məlumata əsaslanan qərar vermə prosesləri və alqoritmlər hazırlayaraq təhlil etdik. Uğurlu ssenarilər real proseslərdə tətbiq olundu. “Petkim” məhsuldarlığını, istehsal həcmini, enerji səmərəliliyini və məhsulun keyfiyyətini artırmağa nail oldu.”
“Petkim”in sektordakı qabaqcıl mövqeyini gücləndirməyə davam edəcəklərini deyən Z.Qəhrəmanov bu çərçivədə dünya şöhrətli Massaçusetts Texnologiya İnstitutu ilə əməkdaşlığı xatırladaraq qeyd edib : “Universitetin zəngin təcrübəsindən faydalanaraq, rəqəmsal transformasiya prosesini bir pillə yuxarı qaldırdıq. İstanbul Teknik Universiteti (İTÜ), Boğaziçi Universiteti və Orta Doğu Teknik Universiteti əməkdaşlığı vasitəsilə istehsal və prosesinin inkişafı üzrə startaplar ilə müştərək layihələr həyata keçirməyə davam edəcəyik. Rəqəmsallaşma komandamızın liderliyində hədəflərimizə çatmağımızın bariz nümunəsi olan bu mükafatı almaqdan böyük qürur duyuruq”.
Dünyada innovativ və rəqəmsal tətbiqlər standartı mövzusunda şirkətlər üçün meyar qəbul edilən “Global Lighthouse Network” Sənaye 4.0 texnologiyalarını iş proseslərinə ən yaxşı tətbiq edən şirkətlərdən ibarət nüfuzlu bir platformadır. “Petkim”in uğurlu və səmərəli rəqəmsal tətbiqləri də bu şəbəkə vasitəsilə “best practice” (ən yaxşı praktika) kimi göstərilərək öz sahəsində ən yüksək rəqəmsal tətbiq standartını həyata keçirir.